Azərbaycanda “ərzaq paradoksu” - aldığımıza çox pul xərcləyirik, satdığımızın gəliri azalıb...

Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumata əsasən, ekspertlərin apardığı hesablamalar göstərib ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 17,99 faiz çox olub. Belə ki, 2022-ci ilin 7 ayı ərzində ölkəyə 1 milyard 190 milyon 423 min dollar dəyərində yeyinti məhsulları idxal edilib.
Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 181,5 milyon dollar çoxdur. Bu ilin yanvar-iyul aylarında əvvəlki illərin göstəricilərindən fərqli olaraq bir sıra yeyinti məhsullarının idxal dəyərində ciddi artım var. Məsələn, 2022-ci ilin yanvar-iyul aylarında ölkəyə idxal edilən bitki və heyvan mənşəli yağların idxal dəyəri 2021-ci ilin 7 ayı ilə müqayisədə 13,5 faiz, çayın idxal dəyəri 14,1 faiz, buğdanın idxal dəyəri 49 faiz, meyvə-tərəvəzin idxal dəyəri 10,7 faiz, düyünün 34,8 faiz artıb.
O da məlumdur ki, Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarını ixrac edir. Burada paradoks doğuran məqam odur ki, yeyinti məhsullarının idxalı üçün xərclər artdığı halda, ixrac olunan məhsullardan əldə edilən gəlirlər azalmaqda davam edir. Yəni ixrac olunan ərzaq məhsullarından əldə edilən gəlirlər get-gedə azaldığı halda yeyinti məhsullarının idxalı üçün ölkədən çıxarılan valyutanın həcmi ciddi olaraq artmaqda davam edir. Dünyada ərzaq bahalaşırsa, o zaman niyə Azərbaycanın ixrac etiyi məhsulların dəyəri aşağıdır?
- “Azərbaycan yüksək kalorili ərzaq məhsullarını idxal edir, az kalorili aqrar məhsulları ixrac edir”
Sözügedən məsələyə aydınlıq gətirən kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Bizdə kənd təsərrüfatı məhsullarının ixracında həm də fiziki baxımdan azalma var. Həcm baxımından azalma həm də dəyər ifadəsində özünü göstərir. Üstəlik, bəzi aqrar məhsulların ixracında azalma var. Bu nə ilə bağlıdır? Bir var strateji əhəmiyyət kəsb edən mal və məhsul. Bunlar taxil və taxıl məhsullarıdı, ətdi, süddü, yağdı. Yəni o məhsullar ki, gündəlik istifadə olunur və yüksək kalorilidir. Bir də var, strateji olmayan məhsullar. Azərbaycan fındıq ixrac edir. Fındığın bir vaxtlar qiyməti 16 dollar idi. İndi həmin məhsulun qiyməti 6 dollardır. Bu o deməkdir ki, fındıq dünya bazarında bir o qədər də tələb olunan məhsul deyil. Dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə və digər müvafiq qurumlara mesaj vermişəm ki, asılı olduğumuz məhsulların istehsalına önəm verin. Misal üçün, ət, süd, kərə yağının idxalı artıb. Bununla paralel, sözügedən məhsulların dəyəri də artıb. Ona görə ki, dünya bazarında sözügedən məhsullara tələb daha çox artıb. Xüsusən də pandemiyadan sonra yüksək kalorili məhsulların istehlakı daha da artıb. Ona görə belə vəziyyət yaranıb. Azərbaycan yüksək kalorili ərzaq məhsullarını idxal edir, az kalorili aqrar məhsulları ixrac edir. Bu səbəbdən ölkəyə gətirilən məhsullar baha, ixrac olunan məhsulların dəyəri isə ucuzdur. Azərbaycan əsasən pomidor ixrac edir. Belə baxanda indi hamı bu məhsulu istehsal edir. Çünki pomidor istehsal etmək elə də çətin deyil. Az sahədən daha çox məhsul götürmək olur. Məsələn, 1 hektar istixanada 1500 tona qədər xiyar istehsal etmək olur. Min tona qədər pomidor istehsal etmək olur. Əksər ölkələr də bu yolla çalışır ki, pomidora olan tələbatı daxili istehsal hesabına ödəsin. Deməyim odur ki, ixrac baxımından bu məhsulların perspektivi yoxdur. Kalorili məhsullar ixrac üçün perspektivlidir. Taxıl elə məhsuldur ki, ona hər zaman ehtiyac var. Əhalinin sayı artdıqca, bu məhsula tələbat artır. Başqa bir tərəfdən, Azərbaycanın kartof ixracı azalıb. Ancaq bu məhsulun idxalı artıb. Məgər Azərbaycan kartofa olan tələbatı daxili istehsal hesabına təmin edə bilməz? Problem ondadır ki, kartofa dünya bazarında elə də tələbat yoxdu. Əksər ölkələrdə bu məhsul istehsal olunur”.
Bir sözlə, ekspert hesab edir ki, strateji əhəmiyyətli məhsulların ölkə daxilində istehsalı artırılmalıdır.
Vidadi ORDAHALLI