Neftin qiyməti 100 dollara qalxır, Azərbaycanın Avropaya satdığı qazın qiyməti də yüksəlişdə...

Dünya bazarlarında enerji resurslarınınn qiyməti yenidən özünün sürətli yüksəliş mərhələsinə qədəm qoyub. Həm neft, həm də təbii qazın qiymətləri sürətli şəkildə yüksəlir. Azərbaycan hazırda hər iki yanacaq növünün hasilatçısı və satıcısı olduğundan, baş verənlər ölkəmizdə də diqqətlə izlənilir. Belə görünür ki, qarşıdakı müddət ərzində Azərbaycan bu enerji resurslarının satışından nəzərdə tutulduğundan da çox gəlir əldə edəcək.
Hazırda neftin qiymətləri 2014-cü ildən bu yana ən yüksək səviyyəyə doğru qalxır. Enerji sahəsində araşdırma aparan “Piper Sandler” şirkətinin baş eksperti Kreyq Conson qiymətlərin 100 dollarlıq həddə kimi qalxmasının artıq qaçılmaz olduğunu bildirib: “Hazırda enerji sektoru bütün müşahidə dövrünün ən güclü qiymət artımı rübünü yaşayır. Bu sektor ilin əvvəlindən 40 faizədək artım göstərdiyinə görə neft qiymətləri də artım üçün müəyyən potensiala malikdir. Mən, doğrudan da, qarşıdakı 6 ay ərzində 100 ABŞ dolları rəqəmini görürəm”. “Laffer Tengler İnvestment”in eksperti Nansi Tenqler də OPEC-in ən azı yayadək hasilatı sabit saxlayacağını, bununla da neftin bahalaşacağını gözləyir: “Oktyabr ayınadək təklifin artmasını görməyəcəyik. Odur ki, neftin qiyməti asanlıqla qalxa bilər. Biz yayda 80 dollar gözləyirik ki, bu da əksər neft şirkətləri üçün nikbin proqnozdur”.
Xatırladaq ki, OPEC+ formatı iştirakçıları mövcud hasilat həcmini aprel ayında saxlamaq barədə bu ayın əvvəlindəki görüşdə qərar qəbul edib. Yalnız Rusiya gündəlik hasilatı 130 min barrel, Qazaxıstan 20 min barrel artıra biləcək, Səudiyyə Ərəbistanı isə gündəlik hasilatı əlavə olaraq 1 milyon barrel azaltmaq barədə könüllü götürdüyü öhdəliyə aprel ayında da davam edəcəyini bildirib. “Wood MacKenzie” araşdırma mərkəzinin eksperti Ann Luis Hettl qeyd edir ki, OPEC+ ölkələrinin qərarı hökumətlərin qarşıdakı dövrdə neftə tələbatın həcminə çox ehtiyatla yanaşdığını göstərir. O, 2021-ci ildə dünya boyu neftə əlavə tələbatın 6,3 milyon barrelə çatmasını, “Brent” markalı neftin aprel ayında 70-75 dollaradək bahalaşmasını gözlədiklərini bildirib. Bununla yanaşı, araşdırma mərkəzləri artıq qiymətlərin artmasına dair proqnoz verməyə başlayıb. Məsələn, “Goldman Sachs” “Brent” markalı neftin qiymətinə dair üçüncü rüb üçün proqnozunu 5 dollar artıraraq 80 dollara çatdırıb. Həmçinin “JPMorgan”, “Australia & New Zealand Banking Group”, “Citigroup” da “Brent”lə bağlı proqnozlarını artırıb. “Fitch” bazarda qıtlığın davam edəcəyini, bununla da qiymətlərin 60-70 dollar səviyyəsində qalacağını açıqlayıb. OPEC+ ekspertləri may ayında gündəlik neft qıtlığının 2,1 milyon barrel, illik isə 1,2 milyon barrel kimi pik səviyyəyə çatacağını gözləyir. “Bank of America Global Research”ın proqnozuna əsasən, “Brent” markalı neftin orta illik qiyməti 60 dollar təşkil edəcək, ikinci rübdə arabir 70 dollaradək qalxacaq. “SOCAR Trading”in baş satış direktoru Xəyal Əhmədzadə müsahibələrinin birində bildirib: “Bu yay, yaxud ilin sonunadək neftin barrelini 80 dollar, növbəti 18-24 ay ərzində isə 100 dollardan yuxarı görsək, təəccüb etmərəm”. Sözsüz ki, hazırkı vəziyyət ölkəmizə də sərfəlidir. Neftin bahalaşması nəticəsində dövlət büdcəsinə gələn əlavə vəsaitlər istər işğaldan azad olunmuş Qarabağda aparılacaq quruculuq işləri, istərsə də koronavirusla bağlı tətbiq olunmuş karantin üzündən yaşanan iqtisadi durğunluğa, belə demək olarsa, əncam çəkmək baxımından kara gələcək. Onu da xatırladaq ki, OPEC+un son iclasında çoxluğun qərarını tam dəstəkləyən Azərbaycan aprel ayında da gündəlik hasilatı birinci rübdəki kimi 595 min barrel səviyyəsində saxlayacaq. Energetika naziri Pərviz Şahbazov, neft bazarında nisbi tarazlıq yaransa da, müəyyən risqlərin davam etdiyini bildirərək tənzimləmə məsələsində ehtiyatlı yanaşmanın vacibliyini qeyd edib: “Neft qiymətlərinin cari artımı, tələbat həcmindən daha çox, dünyadakı konyunkturla bağlıdır. Ona görə də hasilat həcmini dəyişdirməyi bir qədər təxirə salmaq faydalı olacaq”.
Neftlə yanaşı, təbii qaz da qiymət artımı göstərir. Avropanın başlıca qaz satış mərkəzi olan Niderlandın TTF rəqəmsal satış mərkəzində qazın min kubmetr üçün qiyməti 229 dollara yüksəlib. Avropada qaz son bir həftə ərzində 11 %, ayın əvvəlindən isə 16 % bahalaşıb.Təbii qazın bahalaşması karbon qazı tullantılarına icazələrin bahalaşması ilə həmahəng gedir. Belə ki, karbon qazı tullantılarının daha məsrəfli olması ilə yanacaq olaraq ekoloji cəhətdən təmiz olan qaza tələbat da artır. Həmçinin bu həftə Norveçin “Aasta Hansteen” və “Gullfaks” yataqlarından Avropaya qaz tədarükü də azalır. Bütün bunlar fonunda martın 14-də Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 32,56 %-dək enib ki, bu da son 5 ilin orta səviyyəsindən 4,9 % azdır. Bu şəraitdə Azərbaycanın Avropaya satdığı qazın qiyməti artır. Beləliklə, Azərbaycan həm neft, həm də qazdan daha çox gəlir əldə edir.
Ramil QULİYEV