Balotelli Azərbaycana gələ bilər

"Milan"ın hücumçusu Mario Balotelli gələn ay Azərbaycana gələ bilər. "Apasport.az" saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yerli ictimaiyyət ulduz futbolçunun yenidən yığmaya dəvət alacağını gözləyir.
"Skuadra Adzurra"nın baş məşqçisi Antonio Konte Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda Azərbaycan, 13-də isə Romada Norveçlə keçiriləcək oyunlar üçün heyəti bu həftəsonu açıqlamağı düşünür. "Milan"a yay fasiləsində "Liverpul"dan icarə əsasında keçən Balotelli də uğurlu çıxışı ilə diqqət çəkir. 25 yaşlı forvard yerli mətbuata qısa açıqlamasında gözünün Kontenin açıqlayacağı siyahıda olduğunu söyləyib.
"Milan"ın vitse-prezidenti Adriano Qalliani də bu məsələ ilə bağlı münasibət bildirib. O da Marionu yenidən milli formada görmək istədiyini vurğulayıb: "Balotelli bu ay həm meydançada, həm də ondan kənarda özünü əla tərəfdən göstərdi. Bundan sonra necə olacağını deyə bilmərəm. Fakt odur ki, Mario hazırda əla formadadır və yığmada oynamağa layiqdir".
Qeyd edək ki, Mario Balotelli sonuncu dəfə ötən ilin iyun ayında dünya çempionatının final mərhələsində İtaliya yığmasının formasını geyinib.