Dünyanın tanınmış səyyahları Qarabağda

Dünyanın tanınmış səyyahlarından ibarət geniş heyətin Qarabağa növbəti səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər. “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyadan olan nüfuzlu beynəlxalq səyahətçilər yer alır.
Səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Səyahətçilər azad edilən Füzulidə dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işlərinə də şahidlik ediblər. Qonaqlara görülən işlər barədə ətraflı məlumat verilib.
Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək. Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.
Mətləb Salahov