Fransa Afrika qitəsindən qovulur, Türkiyə təsirini artırır

“Türkiye” qəzeti Fransa müstəmləkəçiliyi barədə yazı dərc edib. Qəzet yazır ki, Fransanın keçmiş Afrika müstəmləkələrində nüfuzunu itirdiyi bir vaxtda Ankara bu qitədə təsirini artırır. Məqalədə Fransa hərbçilərinin, bəzi hallarda isə diplomatlarının Mali, Niger, Çad, Burkina-Faso, Seneqal və Fil Dişi Sahilindən çıxarıldıqları xatırlanır. Nəşr qeyd edir ki, bu ölkələr bir neçə il öncə Fransanın əsas tərəfdaşları hesab olunurdu.
Qəzet Burkina-Faso nümunəsini misal çəkib. Orada 2022-ci ilin sentyabrında hakimiyyətə gələn hərbçilər cəmi bir neçə ay sonra, yəni 2023-cü ilin yanvarında Parislə hərbi əməkdaşlıq sazişini ləğv edib və Fransanın səfirindən dərhal ölkəni tərk etməsini tələb ediblər. Nəticədə diplomatlarla yanaşı, “Sabre” əməliyyatında iştirak edən 400 fransız əsgəri də Burkina-Fasonu tərk edib.
Qəzet yazır ki, hazırda Burkina-Faso ilə əməkdaşlıq Türkiyənin Afrika siyasətində əsas prioritetlərdən biridir. Bunun bariz nümunəsi kimi Türkiyə xarici işlər nazirinin müavini Bürhanəddin Duranın aprelin 24-də Uaqaduquya planlaşdırılan səfəri göstərilir.
Mətləb