Əhməd Cavadın nəvəsi himnimiz barədə iddialara cavab verdi...

“Himnimizi müzakirə etməyə həvəs göstərənlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təsdiq etdiyi Musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu oxumağı tövsiyyə edərdim”. Bunu baki-xeber.com-a Azərbaycanın dövlət himninin sözlərinin Camo bəy Cəbrayılbəyliyə aid olduğu fikrinə münasibət bildirərkən görkəmli şair Əhməd Cavadın nəvəsi Anar Axundzadə deyib.
A.Axundzadə qeyd etdi ki, səsləndirilən fikirlərin əsası yoxdur, himnin musiqisini Üzeyir Hacıbəyli, sözlərini isə Əhməd Cavad yazıb. “Bu məsələdən xəbərim var. Məni də o gün verilişə dəvət etdilər, gedə bilmədim, vaxtım da yox idi, Bakıda da deyildim”-deyə bildirdi.
Qeyd edək ki, professor Asif Rüstəmli “Cəmo Bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı” adlı kitabında Azərbaycanın dövlət himninin mətninin əsl müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu, onun səhvən Əhməd Cavadın adına təqdim edildiyini yazıb.
İradə SARIYEVA