“Azdramada” nazirlə görüşdə tələb qoyuldu - bədii rəhbər ştatı ləğv olunsun!

Əli Nur: “Akademik Milli Dram Teatrında bədii rəhbər ştatı ləğv olunmalıdır”
Bildiyimiz kimi, son vaxtlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ciddi problemlər mövcud olub, teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə kollektivin bəzi aktyorları arasında qalmaqalların baş verdiyi də məlumdur.
Vəziyyətin gərgin olduğu günlərdə Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub.
Nazirlə görüşdə nələrdən danışılıb, hansı məsələlər müzakirə edilib, aktyorları narahat edən məsələlər səsləndirilibmi?
“Görüşdə dedim ki, bir rejissorun işi bu teatrı faciəyə aparacaq, burda ən azı 4-5 rejissor ştatı olmalıdır ki...”
Teatrın ustad aktyoru, xalq artisti Əli Nurla əlaqə saxladıq. Nazirlə görüşü çox yüksək dəyərləndirən xalq artisti “Bakı-Xəbər”ə bildirdi ki, nazir 280 nəfərlik teatr kollektivi ilə görüşüb, çox məzmunlu və faydalı fikirlər səsləndirib, Prezident İlham Əliyevin teatrlara qayğısından, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlətin diqqətində olduğundan danışıb, bu teatra məhəbbət bəslədiyini deyib. “Nazir ulu öndərin vaxtilə teatra göstərdiyi diqqət və qayğıdan da danışdı. Sonra üzünü bizə tutub “mən sizi eşidirəm” dedi. Xalq artisti Nurəddin Mehdixanlı 15 məsələ qoydu, nazir də o məsələlərin hamısına təxminən saat yarım əsrində bir-bir cavab verdi, münasibət bildirdi, onların hər birini ayrıca təhlil etdi. Aktyorlar danışdılar, müəyyən problemləri vurğuladılar, eyni zamanda teatra diqqət və qayğının güclənməsindən danışdılar, xəstə aktyorlara dövlətin qayğı göstərdiyini dedilər.
Cənab nazir bütün məsələlərə münasibət bildirdi”.
Ə.Nur nazirlə görüşdə bildirib ki, bu teatr Sovet dövründə ən qabaqcıl teatr olub, çünki burda yaradıcı qüvvə olub və bu yaradıcı qüvvəni də rejissor təşkil edir: “Vaxtilə bu teatrda 5-6 rejissor ştatı olub. Sonradan bir təsadüfi adamın üzündən bu rejissorlar teatrdan uzalaşıblar. Təsadüfi adamlar burda raykom katibi kimi hakimiyyətə başladılar. Bu teatr raykom katibinin teatrı deyil, bu, Azərbaycan dövlətinin teatrıdır, bütün dünyaya meydan oxuyan Akademik Milli Dram Teatrıdır və Şərqdə ən böyük teatrdır. Mən görüşdə Abbas Mirzə Şərifzadənin Londonda Kral sarayında Otello rolunda şəklinin olmasını nəzərə çatdırdım.
Nazirlə görüşdə qərara gəldik ki, teatrda bədii rəhbər ştatı ləğv olunmalıdır. Çünki bədii rəhbər ştatı monohakimyyət deməkdir. Vaxtilə bu ştatda böyük sənətkarımız Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Həsənağa Turabov, Azər Paşa Nemətov olub. Onlar şəxsiyyət idilər. Həmin dövrlərdə də bu teatrda bir neçə rejissor ştatı vardı. Bu teatrın indi bir rejissorun, bir bədii rəhbərin əlində qalması teatr üçün faciədir. Burda 70-ə yaxın aktyor, aktrisa var. Onlar rol oynamalıdır. Kimsə gəlib bizim teatrın aktrisalarının zəhmətini qarət edə bilməz. Çünki bu aktrisalar Azərbaycanda ən seçilmiş, hər çəməndən bir çiçək kimi dərilib buket bağlanılmış ən istedadlı, ən gözəl, ən qüdətli aktrisalardır. Eləcə də aktyorlar hamısı.
Görüşdə dedim ki, bir rejissorun işi bu teatrı faciəyə aparacaq, burda ən azı 4-5 rejissor ştatı olmalıdır ki, rəqabət olsun. Çünki inkişaf rəqabət nəticəsində olur, rejissor hadisə yaradır. Aktyorlar boş-boş çayxanalarda oturub nərd oynamır, veyillənmir. Aktyor səhnədə olmalıdır, aktyor rol oynamalıdır, gündüz məşqdə, axşam tamaşada olmalıdır. Ona görə də Akademik Milli Dram Teatrında bədii rəhbər ştatı ləğv olunmalıdır”.
Ə.Nur qeyd etdi ki, teatra rejissorlar cəlb edilməlidir və rəqabətlə onlar inkişaf edib teatrı dünyaya çıxarmalıdırlar.
“Azdarma”da yaşanan məlum problemlərin nazirin diqqətinə çatırılması məsələsinə gəlincə, Ə.Nur bildirdi ki, bu barədə o özü çıxışında nazirə məlumat verib: “Bu məsələni cənab nazirin diqqətinə mən çatdırdım. Teatrda yaşanan problemlərin hamısı görüşdə açıqlandı. Kimsə gəlib burda bədii rəhbər olur və teatrdan qisas almaq istəyir. Qisasın nəticəsində də teatrda belə problemlər, söz-söhbət olur, aktyor və aktrisalar incik düşürlər. Nazirlə görüşdə hər şey danışıldı. Aktyorlar, aktrisalar bir-birini sevməlidir, teatrda hamı bir-birinə enerji verməlidir. Bu dostluq, mehribanlıq nəticəsində teatrda böyük sənət yaranır, teatrda söz-söhbət olmur, hadisə yaradan tamaşalar olur.
Ümid edirəm ki, nazirlə bu görüşdən sonra bizi narahat edən bütün problemlər öz həllini tapacaq. Mən buna çox inanıram. Teatrda hər şey diqqətdədir, nəzarətdədir. Aidiyyəti qurumlar bu teatrda nə baş verdiyini bilir. Teatr elə bir orqanizmdir ki, bu nəzarətdədir”.
“Nazirin “Azdrama”ya gəlməsi bu teatrda baş verən problemlərlə bağlı olub?”-deyə Ə.Nurdan soruşduq. Xalq artisti bildirdi ki, xeyr, bununla bağlı deyildi, nazir bütün teatrlara baş çəkir. “Nazir bütün teatrlarda görüş keçirir, bu dəfə də bizim teatra gəldi. Bu görüşü çox yüksək qiymətləndirirəm. Cənab Adil Kərimli nazir təyin olunandan sonra Azərbaycan mədəniyyətində bir dirçəliş, bir oyanma baş verdi. Ölkədə teatr forumu, kino forumu, ədəbi yaradıcılıq forumu keçirildi. Bunların hamısını Adil Kərimli cənabları etdi. Ondan qabaq 30 ildir niyə bunlar keçirilmirdi? Niyə bir teatr, kino forumu keçirilmirdi? Bu forumların hamısını Adil müəllim keçirdi. Adil müəllimin sayəsində Azərbaycan teatrı dünyada böyük çıxış etdi. Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə xarici ölkələrə qastrollar oldu, görüşlər, tədbirlər oldu. Bunlar hamısı cənab Prezidentin diqqətindədir, qayğısındadır. Mən görüşdə çıxışımda da dedim. Böyük Nizami Gəncəvi deyir ki:
Üç şey uca edər hər bir milləti –
Qeyrəti, qüdrəti, mədəniyyəti.
Biz qeyrətlə, qüdrətlə böyük bir qələbə çalmışıq, xristian dünyasına meydan oxumuşuq. Biz eyni zamanda iqtisadi, siyasi cəhətdən qüdrətli bir dövlətik. Bizim mədəniyyətimiz bütün dünyada göz qabağında olan bir mədəniyyət olub, olacaq da. Cənab nazir bu vəzifəyə təyin olunandan sonra bu fəaliyyətlər genişləndi və mədəniyyətimiz təbliğ olundu”-deyə Ə.Nur bildirdi.
İradə SARIYEVA