Paşinyanın partiyası uduzdu, revanşistlər geri qayıdır...

Mətləb Salahov: “Bu o deməkdir ki, Sülh Müqaviləsi barədə gözləntilər də sual altına düşəcək”
"Ermənistanda keçirilən son bələdiyyə seçkilərində Ermənistandakı hakim Vətəndaş Müqaviləsi partiyasının ciddi şəkildə məğlubiyyətlə üzləşməsi, bunun tam əksinə keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryana bağlı siyasi qüvvələrin və ayrı-ayrı şəxslərin qələbə qazanması İrəvandakı siyasi gərginliyin ilkin işartısıdır”. Bu barədə jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında deyib. M.Salahov qeyd edib ki, xüsusilə Gümrü və Parkar şəhərlərində baş verənlər baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi partiyasının ciddi itkilərlə üzləşdiyini göstərir. “Bir məqama diqqət edək: Bu seçkilərin nəticələri yalnız yerli idarəetmədə deyil, bütövlükdə Ermənistanın gələcək siyasi kursuna, o cümlədən Azərbaycanla aparılan sülh danışıqlarına da təsir göstərə bilər. Çünki hazırkı erməni ictimai rəyində N.Paşinyanın siyasi kursuna olan etmiadsızlıq getdikcə çoxalır ki, bu da hakim partiyanın gələn il keçiriləcək parlament seçkilərində ciddi problemlər yaşayacağına işarədir. Çünki bu yaxınlarda başa çatan bələdiyyə seçkilərində hakim partiyanın əksər şəhərlərdə məğlubiyyətlə üzləşməsi o deməkdir ki, N.Paşinyan və tərəfdarları 2026-cı ilə keçiriləcək parlament seçkilərində daha ağır məğlubiyyət acısı yaşaya bilər. Hazırkı ictimai rəy və revanşist siyasi qüvvələrin siyasətə geridönüşləri buna aydın işarədir. Bu baş verərsə, Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən Sülh Müqaviləsinin taleyi də qaranlıq olacaq. Çünki son bələdiyyə seçkilərində bir sıra şəhərlərdə qələbə qazanan revanşist siyasi qüvvələrin Azərbayacana qarşı düşmən münasibəti barədə danışmağın özü yersizdir. Bu siyasi qüvvələr ölkəmizə və xalqımıza qarşı tipik düşmən mövqeyindədirlər. Onlar Azərbaycanla yeni münasibətlər qurmağı deyil, 44 günlük müharibədəki qələbənin əvəzini çıxmaq üçün “alışıb yanırlar”. Daha çox Rusiya yönümlü olan bu siyasi qüvvələrin parlament seçkilərində üstünlük qazanacağı təqdirdə isə, həm Sülh Müqaviləsinin imzalanmasına maneə törədəcəkləri, həm bölgədə maraqları olan iri dövlətlərin siyasi maşası kimi ən qanlı təxribat tədbirlərinə baş vuracaqları və Azərbaycanın ərazi bütövlüyünə təhlükə olan hazırkı Ermənistan konstitusiyasının bircə bəndinə də toxunmayacaqları elə indidən məlumdur. Amma təkcə onlarmı? Məgər Emmanuel Makronun siyasi kuklası kimi ad qazanmış N.Paşinyanın da dar məqamda revanşist ideyalara sarıldığını azmı görmüşük? Bəd ayaqda o da daxili siyasi auditiroyada özünü gözdən salmamaq üçün Azərbaycana qarşı ən axmaq və təhlükəli bəyanatlardan az istifadə etmir. Onsuz da günü bu günə kimi N.Paşinyan həm Sülh Müqaviləsi barədə, həm də əksər maddələri Azərbaycanın dövlət müstəqilliyinə zidd cümlələrlə dolu olan Ermənistan Konstitusiyasını dəyişməklə bağlı ancaq bəlağətli sözlər işlədib, başqa heç nə! Onun da S.Sarkisyandan, R.Koçaryandan elə bir fərqi yoxdur. Yeganə fərq birinin Qərbə, digərlərinin Moskvaya bağlı olmasıdır. Amma son nəticədə bunların hamısı hiyləgər ermənidir, Azərbaycan və Türkiyə düşmənçiliyi bunlarda genetik xəstəlikdir. N.Paşinyan qarışıq bütün erməni siyasi elitası bu xəstəliklə yaşayır. əgər gələn ilki parlament seçkilərinə qədər Sülh Müqaviləsinin imzalanması baş verməzsə, o zaman bölgədə xoşagəlməz proseslər sürətlənəcək.”
Namiq Quliyev