"İlham Əliyev Qərbin bu məqsədlərindən xəbərdardır" - Türkiyə nəşri

"Türkiye" qəzeti Azərbaycan rəhbərinin yerli mediaya verdiyi son müsahibə əsasında yazı dərc edib. Türkiyə nəşri yazır ki, Türkiyənin Türk dünyası ilə əlaqə yollarını kəsməyə cəhd edən bir sıra Qərb dövlətləri Ermənistan kartını oynayır. "Fransa və ABŞ Zəngəzur dəhlizinin açılmasını istəmir, Rusiyanı cənubdan bloklamaq və İranın hərəkətlərinə nəzarət etmək üçün platforma yaratmaq istəyirlər ki, bu da ümumi strateji planın bir hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı inkişafın önündə baryerə çevirməyə çalışan Qərbin bu məqsədlərindən xəbərdardır."
Nəşr qeyd edir ki, Avropa İttifaqı və ABŞ həm İrəvandan, həm də Tbilisidən istifadə etməyə, bununla da Rusiya, İran və Türk dünyasına qarşı "forpost" yaratmağa çalışırlar. Məqalədə qeyd edilir ki, Azərbaycanla Ermənistan arasında yeni müharibə Türk dünyasında gedən inteqrasiya prosesləri və yaxınlaşmalardan narazı olan Qərb dairələrinin planlarına uyğundur.
Mətləb Salahov