Hakan Fidan: “Suriyada İsraillə qarşılaşmaq istəmirik”

Reuters xəbər agentliyinə danışan Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bildirib ki, İsrailin hücumları Suriyanın yeni hökumətinin İŞİD “terror təşkilatı” və digər təhdidlərin qarşısını almaq qabiliyyətini zəiflədir. İsrailin Suriyadakı hərəkətlərinin gələcəkdə regional qeyri-sabitliyə yol açacağını bildirən Fidan, "Əgər Suriya İsraillə müəyyən razılaşmalar etmək istəyirsə, bu, onların öz işidir" deyib. O, Türkiyənin Suriya, İordaniya, Livan və İraqla birlikdə İŞİD-ə qarşı regional platforma yaratmaq istədiyini bildirib. ABŞ-İran gərginliyi ilə bağlı suala cavab olaraq Fidan diplomatiyanın zəruri olduğunu və İrana qarşı hər hansı bir hücumu görmək istəmədiyini qeyd edib.
O, həmçinin bildirib ki, ABŞ prezidenti Donald Trampın siyasət dəyişikliyi Soyuq Müharibədən bəri ABŞ-dan çox asılı olan Avropa üçün bir fürsət ola bilər. Türkiyənin xarici işlər naziri Rusiya-Ukrayna müharibəsi və sanksiyalara da toxunub. “Rusiya və Ukrayna hələlik sülh razılaşmasından bir qədər uzaqdır”, - deyə Fidan əlavə edib. "Biz ABŞ-ın Ukrayna müharibəsini bitirmək səylərini alqışlayırıq, lakin razılığa gəlmək o qədər də asan deyil. İstənilən sülh razılaşmasını tərəflər üçün həzm etmək olduqca çətindir, lakin bu, hər halda qan-qadadan yaxşıdır"-deyə Fidan vurğulayıb. Digər tərəfdən, Rusiya raketlərinə görə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların aradan götürülməsinin lazım olan bir “anomaliya” olduğunu bildirən nazir Fidan, “Müharibənin yenidən başlamaması üçün çəkindirici amil olmalıdır” deyə bildirib. Fidan həmçinin Trampın “problemləri həll etmə üsulları”nın və onun yeni administrasiyasının 2019-cu ildə Rusiyadan S-400 müdafiə sistemləri almasına görə, Türkiyənin müdafiə sənayesinə tətbiq edilən sanksiyalarını aradan qaldırmaq üçün həll yolu tapa biləcəyinə ümid etdiyini bildirib.
Surxay Əliyev