Almaniya Azərbaycanla bağlı siyasətində ciddi korrektə edəcək...

Mətləb Salahov: “Frank-Valter Ştaynmayerin bölgəyə səfəri Berlində illuziya ilə həqiqətlərin ayırd edilməsi üçün mühüm hadisə oldu”
“Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Cənubi Qafqaza bu səfəri illərdir Berlində kök salmış və Azərbaycan əleyhinə günü bu gün də yalan və informasiya təxribatı ilə məşğul olan “erməni maşınını” susdurmaq baxımından çox önəmlidir. Diqqət edin, Almaniya prezidenti Cənubi Qafqaza ilk səfərini İrəvandan başladı və səfərin ilk günündəcə ciddi siyasi səhvlərə yol verdi. Düzdür, bir neçə saat sonra Almaniya rəsmi şəkildə baş verənlərə görə rəsmi Bakıdan üzr istədi. Amma bunu xatırlatmaqda məqsədim onu diqqətə çatdırmaqdır ki, Almaniya kimi nəhəng dövlətin rəhbəri Cənubi Qafqazda erməni toruna düşməkdən qurtula bilmədi. Əslində bu fakt, neçə on illiklərdir ki, Qərbdə kök salmış erməni diasporunun Avropanın və dünyanın supergüc dövlət başçılarını da öz yalan alətinə salacaq qədər təhlükəli olduğunu nümayiş etdirdi. Bu yaşananlardan sonra şəxsən F.V Ştaynmayerin Bakıya gələrək real vəziyyəti öz gözləri ilə görməsi isə illərdir rəsmi Berlinin Azərbaycana qarşı yol verdiyi yanlış siyasəti anlaması baxımından olduqca önəmli oldu.
Şəxsən mən inanıram ki, Almaniya lderinin və digər dövlət rəsmilərinin Bakıda gördüklərindən sonra rəsmi Berlin Cənubi Qafqaz siyasətində, xüsusilə Azərbaycanla münasibətlər baxımından öz siyasətinə ciddi korrektələr edəcək, rəsmi Bakı ilə ikili standartlar üzərində qurulmuş Qərb siyasətindən tam fərqli yeni və gerçək siyasət yürüdəcək. Çünki əksər Qərb ölkələrinin və yeni ABŞ administrasiyasının iqtisadi maraqlar üçün açıq siyasət yürütdükləri bir vaxtda Avropa nəhəngi olan Almaniya Azərbaycanla tərəfdaşlığı əldən qaçırmayacaq. Bakıdakı görüşlər zamanı həm Almaniya mediasının, həm də Almaniya ticarət çevrələrinin gerçək vəziyyəti öz gözləri ilə gördüklərini xatırlatmaq ümid etməyə əsas verir ki, Almaniya dövləti Berlində yuva salmış erməni diasporunun “yalan maşınından” qurtulacaq.”
Namiq Quliyev