"Telejurnalistikadan xəbəri olmayanlar efirləri zəbt edib"

Mətləb Salahov: “Ailə tərbiyəsi və efir mədəniyyəti olmayan “aparıcılar” teleməkanı küçə səviyyəsinə endirib”
“Son illər Azərbaycan efiri elə xaotik və qeyri-standart hal alıb ki, artıq cəmiyyətin efirlərdən mədəni və elmi yeniliklər barədə maariflənməsi, milli və əxlaqi dəyərlərimiz barədə məlumat əldə etməsi, yeniyetmə və gənclərimizin tariximizi efir vasitəsi ilə öyrənməsi mümkünsüz hal alıb. Efir mədəniyyəti və telejurnalistika savadı olmayan, efir qaydalarını bilməyən, əxlaqi və şəxsi göstəriciləri biabırçı “zənginliklə” dolu təsadifi şəxslərin efirlərdə aparıcılıq etməsi acınacaqlı mənzərə yaradıb.”
Bu barədə jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında bildirib. M.Salahov qeyd edib ki, efir siyasətinə nəzarətsizlik o həddə çatıb ki, özlərini ”aparıcı” kimi efirlərə dürtüşdürən şəxslər efirlərə çağırdıqları qonaqları təhri edir, savadsız, mədəniyyətsiz fikirləri ilə cəmiyyətdə ciddi qıcıq yaradırlar. “Təsəvvür edin ki, bu tipli “aparıcı” sürüsü öz proqramlarını daha da səs-küylü etmək üçün efirlərə dəvət etdikləri qonaqları təhqir edir, milli dəyərlərimizə və ailə institutumuza zidd fikirlər səsləndirir, bununla da guya “reytinq yarışına” qoşulurlar.
Aşağı səviyyəli, mətbəx dedi-qoduları tipində hazırlanan bu “proqramlar” daha çox savadsız və zombiləşmiş kütlə yaratmağa hesablanıb. Bunlar Azərbaycanın min illik ailə dəyərlərini də məhv etməklə məşğuldurlar. Uşaqlarını və ərini rayonda atıb başqa kişiyə qoşulub qaçan qadınları, 70 yaşında ər axtaran “ağbirçəkləri”, namərd “kişicikləri” bütün günü efirdən reklam edən bu tipli efir siyasəti azərbaycançılıq dəyərələri üçün ciddi təhlükədir. Xüsusilə yeniyetmə və gənclərimizin bu tip verilişlərdən nə qədər ziyan gördüyünü düşünəndə uzağı 5-6 il ərzində cəmiyyətimizin nə hala gələcəyini təsəvvür etmək çətin deyil..”
Namiq Quliyev