Bu gün aprel döyüşlərindən 9 il ötür

Bu gün rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən 9 il keçir. Həmin il aprelin ilk günlərində baş verən, xalqımızın yenilməzliyinin, məğrurluğunun növbəti nümayişi olan bu döyüşlər Silahlı Qüvvələrimizin hansı imkanlara, gücə, qüdrətə malik olduğunu təsdiqlədi. 30 illik işğal dövründə Qarabağ münaqişəsinin nizamlanması prosesindən bəhs edilərkən daim bu mühüm məqam xüsusi vurğulanırdı ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə, hərb yolunun seçilməsi şəksizdir. Təbii ki, bu əminlik ordu quruculuğu istiqamətində görülən işlərə, Silahlı Qüvvələrimizin döyüş ruhunun, qələbə əzminin artırılmasına yönələn addımlara əsaslanırdı.
2016-cı ilin Aprel döyüşləri şanlı Zəfərimizə gedən yolun başlanğıcı, Azərbaycan Ordusunun üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanlarına malik olmasının təqdimatı kimi çağdaş tariximizə düşdü. 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti cavab zərbələri endirildi. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Silahlı Qüvvələrimiz düşməni məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Dörd gün davam edən bu döyüşlər çoxəsrlik tariximizə şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərindən sonra xalqımızın bu gün artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına, torpaqlarımızın işğaldan azad edilərək əzəli və əbədi sahibinə qovuşacağına, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamı daha da artırdı. Aprel döyüşləri işğalçı dövlətin və ona havadarlıq edənlərin keçmiş Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Azərbaycanın məğlubiyyətə uğrayacağı ilə bağlı səsləndirdikləri sərsəm fikirlərin nə qədər əsassız olduğunu bütün dünyaya göstərdi. Bu döyüşlər ermənilərin, erməni lobbisinin və diasporunun illərdir yaratdıqları “məğlubedilməz Ermənistan ordusu” mifini dağıtdı. Dünya Azərbaycan Ordusunun böyük imkanlara malik olduğunun şahidinə çevrildi.
Mətləb