Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

Avstriya Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində irəliləyişi səmimiyyətlə alqışlayır. Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Hərtərəfli və ədalətli razılaşma, şübhəsiz ki, bütün regionda sabitliyi, təhlükəsizliyi və rifahı gücləndirəcək”, - deyə bəyanatda bildirilir. Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan - Ermənistan sülh sazişinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdıqlarını bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan tərəfinin razılaşmanın son iki razılaşdırılmamış bəndi ilə bağlı təkliflərini də qəbul edib. “Növbəti mərhələdə Bakının gözləntiləri ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddialarını özündə əks etdirən konstitusiyasına düzəlişlər etməlidir”, - bunu Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində deyib.
Daha sonra Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verərək Ermənistanla Azərbaycan arasında Sülh Sazişi layihəsinin mətninin razılaşdırılması və layihənin təsdiqi ilə bağlı danışıqların başa çatdırılması barədə birgə bəyanatın dərc edilməsini təklif edib. Lakin Rəsmi Bakı birtərəfli bəyanatla çıxış etməyi üstün tutub.
Ermənistanın Xarici İşlər Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” danışıqların başa çatdığını təsdiq edir. Beləliklə, sülh sazişi imzalanmağa hazırdır. Ermənistan Respublikası Sazişin imzalanma vaxtı və yeri haqda Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir
Surxay Əliyev