Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

Rusiya tərəfi jurnalist Viktoriya Roşçinanın cəsədini Ukraynaya qaytarıb. İşgəncə izləri açıq-aşkar bilinən cəsəd bəzi orqanları çıxarılmış halda Ukraynaya qaytarılıb. Roşçina jurnalist kimi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını işıqlandırdı. 2023-cü ilin avqustunda jurnalist işğal olunmuş Mariupola səfəri zamanı yoxa çıxdı və yalnız 2024-cü ilin mayında Rusiya Müdafiə Nazirliyi jurnalistin saxlanıldığını və Rusiyada olduğunu təsdiqlədi. Həmin ilin oktyabrında isə valideynləri onun ölüm xəbərini aldılar.
Rusiya hakimiyyət orqanlarının məlumatına görə, o, Taqanroqdan Moskvaya aparılarkən dünyasını dəyişib. Onun Taqanroqun SİZO-2-dəki kamera yoldaşı bildirib ki, Roşçinanı orada görəndə onun cəmi 30 kiloqram çəkisi qalmışdı, ona elektrik cərəyanı ilə işgəncə verilmişdi, bədənində bıçaq yaralarının izləri var idi.
Surxay Əliyev