“Tramp planı - Ukraynanın təslim olması deməkdir”

Almaniyanın müdafiə naziri Boris Pistorius Tramp administrasiyasının sülh razılaşmasına nail olmaq üçün Ukraynaya ərazi güzəştləri təkliflərini tənqid edib. Pistorius ABŞ-ın təşəbbüsünü Ukraynanın kapitulyasiyası ilə müqayisə edib. "Ukrayna bir il əvvəl mahiyyətcə təslim olmaqla, təkbaşına buna nail ola bilərdi", - deyə nazir bildirib. Onun sözlərinə görə, Ukrayna anlayır ki, davamlı atəşkəs sazişi və ya sülh müqaviləsi müəyyən güzəştləri özündə ehtiva edə bilər.
Bununla belə, o vurğulayıb ki, bu cür güzəştlər Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır. “Axios”un dərc etdiyi plana görə, ilhaq edilmiş Krım Rusiya ərazisi kimi tanınacaq, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş əraziləri isə Rusiyanın nəzarətində qalacaq. Müqavilə çərçivəsində Rusiya Xarkov vilayətinin bir hissəsini Ukraynaya qaytarmalı olacaq. Zaporojjye AES rəsmi şəkildə Kiyevin nəzarətinə keçəcək, lakin stansiya ABŞ tərəfindən idarə olunacaq. Kiyev NATO-ya daxil olmaq istəyindən əl çəkəcək və ABŞ-la təbii ehtiyatların birgə işlənməsi haqqında saziş imzalayacaq. Əgər saziş bağlanarsa, Donald Tramp 2014-cü ildən Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyaları ləğv etməyə hazır olduğunu bildirib.
Surxay Əliyev