İslam Kərimovun qızının oğurladığı pulların yarım milyardı Özbəkistana qaytarıldı - qız isə...

Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın azadlığa buraxılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Qazeta.uz nəşri ölkənin Ali Məhkəməsinin mətbuat katibi Əziz Abidova istinadən məlumat yayıb. Bu barədə söz-söhbətlər Gülnarə Kərimovanın işində Özbəkistana qaytarılan vəsaitlərin idarə edilməsi üçün yaradılmış “Uzbekistan Vision 2030” fondunun işinə həsr olunmuş mətbuat konfransının hazırlanması ilə bir vaxta təsadüf edir.. Söhbət beynəlxalq istintaq çərçivəsində müsadirə edilən milyonlarla dollardan gedir. Özbəkistan və İsveçrə arasında aktivlərin bərpası üzrə ilk saziş 2022-ci ilin avqustunda imzalanıb. Bundan sonra İsveçrə tərəfi 131 milyon dolları qaytarmağa razılaşıb. 2025-ci ilin fevralında tərəflər ikinci tranş - daha 182 milyon dolların qaytarılması barədə razılığa gəliblər. Beləliklə, geri qaytarılan vəsaitin ümumi məbləği 313 milyon dollara çatıb. Həmçinin, bu ilin aprelində Belçika hakimiyyəti telekommunikasiya müqavilələrinin bağlanması zamanı korrupsiya və çirkli pulların yuyulması işi kontekstində müsadirə edilmiş 108 milyon dolları Özbəkistana qaytarmaq qərarına gəlib. Əvvəllər yüksək vəzifələrdə çalışan və ölkənin ictimai həyatında fəal iştirak edən Gülnarə Kərimova 2015-ci ildə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2019-cu ildə cəzaçəkmə müəssisəsinə köçürülüb, 2020-ci ildə isə məhkəmənin hökmü ilə dövlət əmlakını oğurlamaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və hədə-qorxu ilə tələb etmə ittihamları ilə daha 13 il 4 ay azadlıqdan məhrumetmə cəzasına əlavə edilib. Gülnarə Kərimova və onunla əlaqəli şirkətlərlə bağlı beynəlxalq araşdırmalar 2012-2014-cü illərdə başlayıb.
Surxay Əliyev