Şin Bet rəhbəri Netanyahuya qarşı ağır ittihamlar irəli sürdü

İsrail Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar baş nazir Benyamin Netanyahu ilə bir neçə həftədir davam edən münaqişəsi fonunda ona qarşı ağır ittihamlar səsləndirib. Konkret olaraq Bar qeyd edir ki, Netanyahu ondan “şəxsi sədaqət” və konstitusiya böhranı halında ölkənin Ali Məhkəməsinə yox, şəxsən ona tabe olmağı tələb edib”.Bu barədə “The Times of Israel” internet nəşri aprelin 21-də yazıb. Nəşrin məlumatına görə, Ronen Bar Ali Məhkəmə qarşısında müvafiq açıqlamalar verib. Martın sonunda Netanyahu Barı İsrailin kəşfiyyat idarəsinin rəhbərliyindən azad edib və buna səbəb kimi “etibarsızlığı” göstərilib. Nazirlər Kabineti bu qərarı martın 20-də yekdilliklə təsdiqləyib. Lakin Şin Bet rəhbərinin istefası İsraildə kütləvi etirazlara səbəb olub və hökumətin qərarını ləğv etmək üçün Ali Məhkəmədə iddialar qaldırılıb. Aprelin 8-də məhkəmə müvəqqəti qərar çıxarıb ki, verilən vəsatətlər üzrə yekun qərar qəbul olunana qədər Bar öz vəzifəsində qalmalıdr. Həmin vaxta qədər hökumət Ronen Barın potensial varisləri ilə danışıqları davam etdirə bilər, lakin sənədə əsasən, Şin Bet rəhbərini daimi və ya müvəqqəti təyin edə bilməz.
Öz növbəsində Benyamin Netanyahu Barın bəyanatını “yalan iddialar” adlandırıb və Baş Nazirliyin Ofisi bildirib ki, Şin Bet rəhbərinin agentliyin uğursuzluqlarını etiraf etməsi Barın hökumətin qərarı ilə işdən çıxarılmasına haqq qazandırıb. “The Times of Israel” xəbər verir ki, məhkəmə baş nazirdən Barın rəsmi bəyanatına münasibət bildirməsini istəyib. Digər məsələlərlə yanaşı, Şin Bet hökumətin 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlıları tərəfindən israillilərin kütləvi şəkildə öldürülməsini mümkün edən uğursuzluqları araşdırır. Bundan əlavə, kəşfiyyat agentliyi Netanyahunun etibarlı adamları ilə Qətər arasındakı qanunsuz əlaqələri də araşdırır. “Misir və ABŞ ilə yanaşı, bu əmirlik İslamçı HƏMAS hərəkatı ilə dolayı danışıqların iştirakçılarından biridir, lakin eyni zamanda terror təşkilatının tərəfdarı hesab olunur”, - deyə agentlik xatırladır.
Surxay Əliyev