Rəy sorğularına görə Trampın reytinqi uçuruma gedir.....

Reuters/Ipsos sorğusuna əsasən, ABŞ prezidenti Donald Trampın reytinqi Ağ Evə qayıtdıqdan sonra ən aşağı səviyyəyə düşüb. Hazırda reytinq 42%-dir. Tramp yanvarda vəzifəyə gəldikdən sonra ilk saatlarda 47%, üç həftə əvvəl isə 43% idi. Agentlik xatırladıb ki, son sorğuya qatılan respondentlərin təxminən 60%-i (respublikaçıların üçdə biri də daxil olmaqla) hesab edir ki, Trampın rəhbərliyi altında ABŞ dünya arenasında etibarını itirib. Respondentlərin təxminən 75%-i Trampın üçüncü müddətə seçilməsinə qarşı çıxıb. Maraqlıdır ki,xüsusən sorğuda iştirak edən respublikaçıların yarıdan çoxu belə düşünür. Konstitusiyaya görə, prezident ardıcıl iki müddətdən artıq vəzifə tuta bilməz. Tramp isə dəfələrlə üçüncü dəfə prezident olmaq imkanından danışıb. Sorğu 16-21 aprel tarixlərində 4306 amerikalı arasında keçirilib. Məlum olduğu kimi,aprel ayında ABŞ-da Tramp və komandasının siyasətinə qarşı bir neçə etiraz aksiyası keçirilib. Ayın əvvəlində “Əllərivi çək!” şüarı altında etiraz aksiyaları keçirilib, iştirakçılar təkcə prezidenti deyil, həm də onun müttəfiqi İlon Maskı da tənqid ediblər. Bütün ştatlarda 1200-ə yaxın nümayiş təşkil olunub, 150-dən çox icma qrupu bu aksiyalara rəhbərlik edib. Etirazçılar Amerika administrasiyasının minlərlə dövlət işçisini işdən çıxarmaq, federal qurumları bağlamaq, qeyri-qanuni mühacirləri deportasiya etmək, səhiyyəyə ayrılan vəsaiti azaltmaq və s.bu kimi hərəkətlərinə qarşı çıxıblar. Aprelin 19-da minlərlə insan yenidən Trampın siyasətinə etiraz etmək üçün toplaşıb. Etirazçıların fikrincə, o, vətəndaş azadlıqlarını və qanunun aliliyini tapdalayır və öz hərəkətləri ilə ölkə iqtisadiyyatına böyük ziyan vurur.
Surxay Əliyev