Fransisk antisemitizmdə günahlandırıldı və XII Piuslə müqayisə edildi

"Əgər hələ də bizim milli ləyaqətimiz varsa, tarixin ən antisemit papalarından biri ilə vida mərasimində iştirak etməməliyik". Bu fikiri İsrailin İtaliya və Vatikandakı keçmiş səfiri Dror Eidar 103 FM radiosuna müsahibəsində dilə gətirib. Keçmiş səfir qeyd edib ki, Fransisk yalnız yəhudi təşkilatlarının israrlı xahişindən sonra candərdi oktyabrın 7-də israillilərin kütləvi qətlini pisləyən bir neçə kəlmə işlətdi.Sabiq səfir mərhum papanı antisemitizmdə suçlayaraq deyib: - "O, son zamanlar dünyada antisemitizmin kəskin artmasına görə məsuliyyət daşıyır, o,bizi yaramazlar kimi təsvir edirdi".Eidar belə bir məqamı da qeyd edib ki, İtaliya mətbuatının ən nüfuzlu adamlarından biri ona deyib ki, yəhudilərə nifrət baxımından Fransisk yəhudilərin məhv edilməsindən xəbəri olan,lakin onları xilas etmək üçün heç nə etməyən Holokost zamanı Roma Katolik Kilsəsinin rəhbəri olan XII Pius ilə asanlıqla rəqabət apara bilər. Təsadüfi deyil ki,2024-cü ilin dekabrında pontifik İsrail ordusunun Qəzzadakı hərəkətlərini “qəddarlıq” adlandırmışdı. Onun ötən ilin noyabrında nəşr olunmuş kitabındakı çıxarışlarda isə belə bir ifadə yer alırdı: “Bəzi beynəlxalq ekspertlər Qəzzada baş verənlərin soyqırım xüsusiyyətlərinə malik olduğuna inanırlar”. Bu ilin yanvarında isə Fransisk diplomatlara illik müraciətində Fələstin anklavındakı humanitar vəziyyəti “çox ciddi və biabırçı” adlandırmışdı. Pontifik faktiki olaraq elektrik enerjisinin olmadığı Qəzza zolağında qış soyuqlarının səbəb olduğu ölümləri belə xatırlatmışdı:- "Biz heç bir halda dinc əhalinin bombardman edilməsinə, uşaqların soyuqdan donaraq ölməsinə imkan verə bilmərik, çünki İsrail Ordusu tərəfindən xəstəxanalar dağıdılıb və ölkənin enerji sistemi zədələnib", - deyə Müqəddəs Taxt-Tacın rəhbəri qeyd etmişdi.
Surxay Əliyev