Yüz günü tamam olmayan Trampa qarşı etiraz aksiyaları ara vermir

Nyu-Yorkun Beşinci prospektində keçirilən Pasxa paradında bir qrup fəal ABŞ prezidenti Donald Trampa və onun administrasiyasının Fələstinlə bağlı siyasətinə qarşı etiraz aksiyası keçirib. Etiraz aksiyası şəhərin məşhur turistik yerlərindən biri olan Beynəlxalq Kilsə binasının yaxınlığında keçirilib. İştirakçılar əllərində “Azad Fələstin” və “Qətlləri dayandırın” şüarları yazılmış plakatlar tutublar. Etirazçıların bəziləri İsrail ordusunun işğalda olan İordan çayının qərb sahilindəki fələstinli xristianların Pasxa bayramında iştirak etmək üçün Şərqi Qüdsə daxil olmalarına mane olmasından qəzəbləndiklərini bildiriblər.
Onların pankartlarında yazılıb: “Pasxa matəmi, Müqəddəs Torpaq ölür”. Aksiya sakit şəkildə və şüarlar səsləndirilmədən keçib. Bu ərəfədə İsrail polisi Şərqi Qüdsün Köhnə Şəhərindəki Qəbir kilsəsinə gedən yollarda nəzarət-buraxılış məntəqələri qurub. Hadisə şahidlərinin sözlərinə görə, dayandırılıb sənədləri yoxlanan bir çox zəvvarları məbədə buraxmayıblar. 2023-cü il oktyabrın 7-də İsrailin Qəzza zolağına hücumlarının başlamasından və İordan çayının qərb sahilində reydlərin güclənməsindən sonra Şərqi Qüdsdə Pasxa bayramı qeyd etmələrinə icazə verilən fələstinli xristianların sayı ikinci ildir ki, məhdudlaşdırılır.
Surxay Əliyev