Siyasi qətllər olacaq: “Yəhudilər yəhudiləri öldürəcək”

İsraildə ana müxalifət sayılan Gələcək Partiyasının lideri Yair Lapid mətbuat konfransında Şin-Bet (Şabak) direktoru Ronen Bara qarşı təhdidlərə toxunub. Müxalifət lideri bildirib ki,artıq İsraildə qırmızı xətlər keçilib və biz fəlakətə doğru gedirik. Oktyabrın 7-dən əvvəl İsrail hökumətini təhlükəsizlik zəiflikləri ilə bağlı xəbərdarlıq etdiyini, lakin hökumətin onu dinləmədiyini deyən Lapid, "Bunu dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq deyirəm, biz bir-başa fəlakətə doğru gedirik" –deyə vurğulayıb. Yair Lapid İsraildə siyasi sui-qəsdlərin, olacağını və “yəhudilər yəhudiləri öldürəcək” deyib. Təhlükənin daxildən gəldiyini və "təxribat və dəlilik səviyyəsinin" görünməmiş həddə yüksəldiyini bildirən Lapid, sui-qəsdin hədəfində Baş nazir Benyamin Netanyahunun vəzifədən azad etmək istədiyi Şin-Betin (Şabak) direktoru Bar olduğunu deyib.
TƏHLÜKƏ DAXİLDƏN GƏLİR
Detallara varan Lapid qeyd edib ki, Bar oktyabrın 7-də uğursuzluğa düçar olsa da, həyatını İsrailə həsr etmiş və mühüm xidmətlər göstərmiş biri idi. Barın üzləşdiyi təhdidlərə diqqət çəkən müxalifət lideri, "Şin-Bet rəhbərinə qarşı təhdidlərin ərəblərdən, HƏMAS və ya Hizbullahdan deyil, yəhudilərdən gəldiyini xüsusi qeyd edib.Lapid, bəzi təhdidlərin hökumətin Barı hədəf almasından və tərəfdarlarını ona qarşı təhrik etməsindən sonra gəldiyini bildirdi. Son olaraq Lapid eyni vəziyyətin İsrail Baş Prokuroru Qali Baharav-Miara üçün də keçərli olduğunu bildirib.
Surxay Əliyev