Tramp Ukraynanın NATO-ya yolunu bağladı, Krımı isə Rusiyaya verdi

ABŞ prezidenti Donald Tramp Krımın Rusiya ərazisi kimi tanınması və Ukraynanın NATO-ya üzv olmaqdan imtinası ilə bağlı Kiyevdən cavab gözləyir. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşrinin dərc etdiyi məqalədə deyilir. Jurnalistlər mənbələrə istinadən bildirirlər ki, bu fikirlər Parisdə Ukrayna hakimiyyətinə və avropalı müttəfiqlərə verilən məxfi sənəddə öz əksini tapıb:- “Ukrayna Tramp administrasiyasının Krımın Rusiya ərazisi kimi tanınması və Kiyevin NATO-ya üzv olmaqdan imtinası da daxil olmaqla, bir sıra genişmiqyaslı ideyalarına cavab vermək üçün təzyiq altındadır”, - deyə hesabatda bildiriliir. ABŞ Dövlət Departamentinin yüksək rütbəli məmuru Trampın ideyalarını Kiyevin “almaq və ya rədd etmək”dənsə, düşünməli olduğu variantlar kimi təsvir edib.
Bu arada aprelin 18-də ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın artıq Ukraynadan bezdiyinə eyham vurub: "Ukrayna müharibəsi qorxunc bir şeydir, lakin bu, bizim müharibəmiz deyil. Biz bunu başlamamışıq. ABŞ üç ildən çoxdur ki, Ukraynaya kömək edir və biz hər şeyin tezliklə bitməsini istəyirik", - deyə Rubio əlavə edib.
Surxay Əliyev