ABŞ və İran nüvə enerjisi ilə bağlı razılığa gəldi - saziş imzalayacaqlar...

Oman Xarici İşlər Nazirliyi ABŞ və İranın dinc nüvə enerjisini müzakirə etdiyini bildirib. Bu barədə Oman Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb:-“Birləşmiş Ştatlar və İran İranın sanksiyalardan tam azad olmasını və dinc nüvə enerjisini inkişaf etdirmək qabiliyyətini qoruyub saxlayacaq ədalətli bir sazişin bağlanması barədə razılığa gəliblər”.Oman Xarici İşlər Nazirliyinin bəyan etdiyinə görə, danışıqların növbəti raundu yaxın günlərdə Maskatda baş tutacaq. Məlum olduğu kimi, aprelin 19-da Romada İran-ABŞ danışıqlarının ikinci mərhələsində İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi başçılıq edib. Vaşinqtonu isə prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib. Danışıqlar başlamazdan əvvəl Əraqçi bildirib ki, “qeyri-real tələblər” olmasa, nüvə sazişi mümkün ola bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə aprelin 18-də bildirib ki, Rusiya vasitəçi kimi tərəflər arasında çıxış etməyə və ölkələr arasında danışıqlarda istənilən rolu oynamağa hazırdır.
Surxay Əliyev