İsrail İrana Amerikasız da zərbə vura bilər - yayın əvvəli üçün bir neçə variant var...

ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahuya Vaşinqtonun hazırkı mərhələdə belə bir addımı dəstəkləməyə hazır olmadığı barədə xəbərdarlıq etməsinə baxmayaraq, İsrail yaxın aylarda İranın nüvə obyektlərinə hücum ehtimalını istisna etməyib. Bu barədə aprelin 19-da İsrail rəsmisinə və digər iki mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb. Netanyahu təkid edir ki, İranla istənilən danışıqlar onun nüvə proqramının tamamilə ləğvinə gətirib çıxarmalıdır. Mənbələr bildiriblər ki, son aylarda İsrail Tramp administrasiyasına yazın sonu və yayın əvvəli olmaqla İran hədəflərinə hücum üçün bir sıra variant təklif edib. Müzakirə hava hücumlarının və müxtəlif intensivlikdə olan xüsusi əməliyyatların birləşməsindən gedirdi. Agentliyin mənbələri bildiriblər ki, onlar həyata keçirilərsə, bu Tehranı bir neçə ay, hətta bir il və ya daha çox müddətə nüvə silahı yaratmaq imkanından məhrum edə bilər. Vaşinqton isə Tehranla danışıqlara üstünlük verir Bu arada aprelin əvvəlində Ağ Evdə keçirilən görüşdə Tramp Netanyahuya çatdırıb ki, Vaşinqton Tehranla danışıqlara üstünlük vermək istəyir və qısa müddətdə İranın nüvə obyektlərinə zərbə endirməyə hazır deyil.Bu barədə aprelin 16-da The New York Times yazıb. İsrail hesab edir ki,Müdafiə Qüvvələri (IDF) ABŞ-dan əhəmiyyətli dəstək tələb etmədən də İrana məhdud zərbə endirə bilər.Bu barədə isə Reuters xəbər verir. Bununla belə, Tehran cavab vermək qərarına gəlsə, İsrail özünü müdafiə etmək üçün hələ də Vaşinqtonun köməyinə ehtiyac duyacaq, deyə mənbələr bildiriblər. İsrail rəsmisi agentliyə hələlik heç bir qərar verilmədiyini bildirib. Öz növbəsində İranın yüksək rütbəli təhlükəsizlik rəsmisi deyib ki, Tehran İsrailin planlarından xəbərdardır. Agentliyin mənbəsinin sözlərinə görə, belə bir hücum İranın “sərt və sarsılmaz cavabına” səbəb olacaq
Surxay Əliyev