ABŞ-ın hücumları da husiləri dayandırmadı - İsrail dayananadək davam edəcəyik...

Yəmənin Ənsar Allah (Husi) qruplaşması strateji əhəmiyyətli Ras İsa limanındakı terminalın dağıdılmasından sonra da təslim olmur və bölgədə İsrail və Amerika hərbçilərinə qarşı hərbi əməliyyatları davam etdirəcəklərində qərarlı olduqlarını bildirirlər. CNN Husilərin sözlərindən sitat gətirib: Sitat-"Husilər İsrailin Qəzza zolağına təcavüzü bitənə və mühasirə götürülməyənədək Fələstin xalqına dəstək əməliyyatlarını davam etdirməkdən əl çəkməyəcək"-sitatın sonu. Husilərin fikrincə, Amerikanın Yəmənə təcavüzü "yalnız növbəti hücumlara, toqquşmalara və qarşıdurmalara səbəb olacaq". Bundan əvvəl Yəmən limanına hücumdan sonra husilər birbaşa ABŞ prezidenti Donald Trampa sərt şəkildə mesaj göndərmişdilər: "Sən qocaldın və tezliklə cəhənnəmə gedəcəksən. Üstümüzə milyonlarla zərbə yağdırsan da, yer üzünə od vursan da, Qəzza zolağı və Fələstindəki qardaşlarımızı dəstəkləməkdən bir addım belə geri çəkilməyəcəyik". Martın ortalarından bəri ABŞ ordusu Yəməndə husilərin hədəflərini - neft emalı zavodlarını, hava limanlarını və raket obyektlərini vurur. ABŞ-ın keçirdiyi əməliyyatların ümumi dəyərinin artıq bir milyard dollara yaxınlaşdığı təxmin edilir. Bununla belə, CNN qeyd edir ki, hücumlar indiyədək qrupun döyüş qabiliyyətinə yalnız məhdud şəkildə təsir göstərib. Təhlilçilərin hesablamalarına görə, Husi zabitləri arasında əhəmiyyətli itkilərə baxmayaraq, Ənsar Allahın hərbi və siyasi rəhbərliyinin yüksək eşelonunun,bəzi raket qurğularının heç bir zərər görmədiyi hiss olunur. Dünən isə husilər yenə ABŞ-ın MQ-9 Reaper pilotsuz təyyarəsini vurub, bu isə martın əvvəlindən bəri vurulan altıncı pilotsuz təyyarədir.Husilər həmçinin yenidən İsrailə raket zərbəsi endirib. Bundan əlavə, qrup ABŞ-ın dəstəyi ilə Yəmən hökumət qüvvələrinin quru əməliyyatına fəal şəkildə hazırlaşır və Hodeyda limanını və digər əhalinin məskunlaşdığı əraziləri minalayır. Bu arada ABŞ Yəməndəki husi hədəflərinə hücumları davam etdirir. Şənbə gecəsi Husilərin əsas qalası sayılan Saada əyaləti də daxil olmaqla 15-ə yaxın hava zərbəsi endirilib.
Surxay Əliyev