“Washington Post” Imamoğlunun həbsindən sonrakı durumu təhlil etdi

"The Washington Post (WP) yazır ki, müxalifət İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsindən sonra “təcili təşəbbüsü ələ almağa çalışır”. Təhlildə deyilir ki, İmamoğlunun həbsi ilə müxalifətdə prezident Rəcəb Tayyib Ərdoğana qarşı “nadir birlik dalğası” yarandı. Mitinq və etiraz aksiyaları ilə başlayan hərəkatda müxalifət partiyalarının “küçələrdəki kütləvilikdən istifadə edərək növbədənkənar seçkiyə getməyə təzyiq etmək istədikləri” bildirilir. Vaşinqton mərkəzli Yaxın Şərq İnstitutundan Gönül Tolun “Ərdoğanın bir araya gətirdiyi və onu hakimiyyətdə saxladığı koalisiya dağılır” qiymətləndirməsi də paylaşılır. Təhlilçi deyir ki, bu prosesdə DEM Partiyanın addımları həlledici olacaq. Hesabatda İmamoğlunun kürd seçicilərdən dəstək qazanmaqda Ərdoğandan daha uğurlu olduğuna diqqət çəkilərkən, Abdulla Öcalanın PKK-nın silahı yerə qoyması çağırışı ilə başlayan prosesi də xatırladılır. Məqalədə politoloq Mert Arslanalpın bu fikirləri yer alıb: “DEM Partiyası dilemma qarşısındadır: Əgər onlar müxalifətin qalan hissəsini çox güclü dəstəkləsələr, prosesi relsdən çıxarmaq riski ilə üzləşəcəklər”. Təhlildə fikirləri nəzərə alınan DEM Partiyası Antalya Millət vəkili Saruhan Oluç Cümhuriyyət Xalq Partiyasının (CHP) kürd probleminin həlli istiqamətində kifayət qədər addım atmadığını deyir: Hakimiyyət kürd məsələsi və demokratik həll yolu ilə bağlı bir cümlə deyirsə, müxalifət üç cümlə deməlidir. Amma cəmi yarım cümlə deyirlər. Təhlildə Ərdoğanın İmamoğlunun həbsindən sonra müxalifətdən gələcək reaksiyanı tam ölçə bilmədiyi də şərh edilir. CHP sədri Özgür Özəl-in güclü çıxışlar və mitinqlər edərək təşəbbüsü əldə saxlamaq cəhdlərinin “çox insanı təəccübləndirdiyi”qeyd edilir. İqtisadiyyatın zəifləməsi və artan inflyasiya ilə bağlı Ərdoğanın iqtidar blokunda “çatlaqlar əmələ gəldiyi” iddia edilsə də, 2019-cu ildə keçirilən yerli seçkilərdə İmamoğlunun Ədalət və İnkişaf Partiyasından (AK Partiya) olan rəqibi Binəli Yıldırıma qarşı İstanbul Böyükşəhər Bələdiyyə sədrliyini qazanmasından sonra populyarlığının artdığı da dəyərləndirilir
Məlum olduöu kimi,martın 19-da İstanbul Böyükşəhər Bələdiyyəsi və rayon bələdiyyələri ilə bağlı istintaq başladılıb və Əkrəm İmamoğlu da daxil olmaqla çoxlu adam saxlanılıb. Martın 23-də İstanbul başda olmaqla bir çox şəhərdə etiraz aksiyaları keçirilərkən İmamoğlu və bir çoxları həbs edilib.
Surxay Əliyev