Səudiyyə nazirinin Tehrana səfəri və səslənən bəyanatlar İsraili şoka saldı

İsrail nəşri “9 tv” yazır ki,nüvə proqramı ilə bağlı ABŞ və İran arasında sərt danışıqlar fonunda Yaxın Şərq üçün kifayət qədər qeyri-adi səfər baş verdi. Belə ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman İranın Baş Qərargah rəisi Məhəmməd Baqirinin dəvəti ilə Tehrana rəsmi səfərə gedib. Bin Salman İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə görüşüb. Hər iki tərəf ərəb sünniləri ilə fars şiələri arasında ənənəvi gərginliyi nəzərə alaraq, geniş açıqlamalar verib. Belə ki, Xamneyi bəyan edib ki, “İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr hər iki ölkə üçün faydalı olacaq”. İki ölkə arasında əlaqələrin genişləndirilməsinin əleyhdarlarının da olduğunu vurğulayan Ayətullah Xamenei qeyd edib: “Bu düşmənçilik motivlərinə qalib gəlmək lazımdır və biz buna hazırıq”. O, hətta farsların güclü olduğu bölgələrdə Səudiyyə Ərəbistanına yardım belə vəd edib. Ayətullah deyib: “Bölgədəki qardaşların əməkdaşlıq edib bir-birinə kömək etmələri başqalarına güvənməkdən daha yaxşıdır”. Öz növbəsində bin Salman qeyd edib ki, səfərinin məqsədi Səudiyyə Ərəbistanı ilə İran arasında “bütün sahələrdə əlaqələri genişləndirmək”dir. Hər iki siyasətçi sözün əsl mənasında bir-birinə iltifatlar, əməkdaşlığa hazır olduqlarına dair zəmanətlər və xalqlar arasında dostluğun dəyəri haqda bəyanatlar yağdırıblar. Lakin bin Salman daha da irəli gedib. Maraqlıdır ki,hər addımda İsraillə münasibətləri normallaşdırmağa hazır olduğunu və müdafiə sahəsində əməkdaşlığa meylli olduğunu bildirən bir ölkənin müdafiə naziri birdən-birə Fələstin Azadlıq Təşkilatı radikallarının üslubunda danışmağa başlayıb. Bin Salman İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri Əli Əkbər Əhmədian ilə söhbətində deyib:- "Bütün İslam dünyası sionist varlığın işğalı və yayılmasına qarşı vahid və koordinasiyalı şəkildə hərəkət etməlidir". Təbii ki,bu bəyanat Xamneyini sevindirib və o da öz növbəsində müsəlmanların parçalanmasının ancaq sionist rejimin xeyrinə olduğunu deyib. ABŞ-İran nüvə danışıqları zamanı səudiyyəlilərin belə bir demarşı heç də aydın deyil. Prinsipcə, Səudiyyə monarxiyası ABŞ administrasiyası, xüsusən də respublikaçılarla kifayət qədər mehriban münasibətlər saxlayır və çətin ki, sünni ərəblər öz “peyklərinin” köməyi ilə Səudiyyə Ərəbistanını uzun illər İsraildən heç də az olmayaraq hədələyən farslara ciddi etibar etsinlər. Ola bilsin ki, səudiyyəlilər bu səfərlə amerikalılara nəsə nümayiş etdirmək istəyirlər. Bu və ya digər şəkildə bu cür dönüşlər göstərir ki, Israil Yaxın Şərqdə ciddi şəkildə heç bir münasibətə və müttəfiqliyə arxalana bilməz.
Surxay Əliyev