“Əsəd hər şeyi bilirdi”: Suriya diktatorunun qan donduran cinayətləri açıqlandı

Bəşər Əsəd rejiminin strukturlarında işgəncələrə dair ilk beynəlxalq məhkəmənin əsas şahidi olan Dəməşq bələdiyyəsinin keçmiş əməkdaşı Məhəmməd Afif Nafieh ilk ictimai müsahibəsini verib.O, özünü Bəşər Əsəd rejiminin qurbanlarının kütləvi məzarlarının iştirakçısı kimi təqdim edib.
Onun ifadəsi Suriyada işgəncə ilə bağlı ilk beynəlxalq məhkəmə prosesinin əsasını təşkil edib. Nafieh 2011-ci ildən 2018-ci ilə qədər Suriya məxfi xidmətlərinin göstərişi ilə qeydlər aparıb və minlərlə cəsədin soyuducu yük maşınlarında iki məxfi qəbiristanlığa - əvvəlcə Nəcədə, sonra isə Qutaifədə dəfn edilməsini təşkil edib. “Bir yük maşını 400-ə qədər cəsəd tuta bilirdi: “Onların demək olar ki, hamısında dəhşətli işgəncə əlamətləri var idi” deyə şahid xatırlayır: “Onlara baxanda edamdan əvvəl nə qədər ağrı çəkdiklərini təsəvvür edirdim. Onlar ölməmişdən əvvəl yüzlərlə dəfə ölmüşdülər”. Nafieh işdən imtina edə bilməyəcəyini də söylədi: “Totalitar sistemdə “yox” sözü qadağandır, hətta yorğun və ya xəstə olduğunu söyləmək də qadağandır”. Nafieh deyir ki,o nun hesabatlarında qeyd etdiyi hər şey, bölmənin adından tutmuş cəsədlərin sayına qədər, hər şey Suriya prezidentinin administrasiyasına göndərilirdi. "Bəşər Əsəd bu xidmətlərdə baş verən hər şeyi bilirdi". Nafieh deyir ki, o, gecə yarısı baş verən edamların, gecə saat üçdə Sednaya həbsxanasından müntəzəm olaraq cəsədlərin dəfn olunmaq üçün çatdırılmasının şahidi olub. Əvvəlcə gördüklərinin öhdəsindən gəlməyə çalışıb:- "Ağladım, yata bilmədim, gecələr yuxudan höblnak ayılıb qışqırırdım – elə bilirdim ki, dəfn olunmuşlar mənə baxırlar." Məhəmməd Afif 2018-ci ildə zabitə rüşvət verdikdən sonra ailəsi ilə birlikdə Almaniyaya gedə bilib. Almaniyada o, iki suriyalı zabitin mühakimə olunduğu Koblenz məhkəməsində ifadə verib. Daha sonra ABŞ Konqresində və BMT forumlarında çıxış edib. Dekabrda Əsəd rejiminin süqutundan sonra isə bu gün ilk dəfə açıq danışdığını deyir: "Rejim süqut etməmişdən əvvəl üzümü göstərmirdim. İndi danışmaq vaxtıdır. Söz vermişəm ki,var gücümlə çalışacağam ki, Suriyalılara edilən zülm cavabsız qalmasın". Nafieh hesab edir ki, beynəlxalq sanksiyaları ləğv etməyin vaxtı çatıb. "Artıq Suriya rejim deyil. İndi Suriya xalqdır. Bu xalq günahkar olmadığı cinayətlərə görə əziyyət çəkməməlidir" deyə Məhəmməd Afif Nafieh yekunlaşdırıb.
Surxay Əliyev