Tramp İsrailin arzusunu ürəyində qoydu

“The New York Times” ABŞ administrasiyasının rəsmilərinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla nüvə proqramını məhdudlaşdırmaq üzrə danışıqların keçirilməsinə görə, İsrailin İranın nüvə obyektlərinə planlaşdırdığı zərbəni əngəlləyib. KİV-in məlumatına görə, İsrail may ayında İranın nüvə obyektlərinə hücum planlarını hazırlayıb və bildirib ki, “məqsəd İranın nüvə silahı yaratmaq imkanlarını bir il və ya daha çox müddətə məhdudlaşdırmaqdır”. Nəşr qeyd edir ki, ABŞ-ın yardımı təkcə İsraili İranın qisasından qorumaq üçün deyil, həm də hücumun uğurlu olmasını təmin etmək üçün lazım idi. Aylarla davam edən daxili müzakirələrdən sonra Tramp hərbi əməliyyatları dəstəkləməkdənsə, İranla danışıqlar aparmağa üstünlük verdi. Ötən şənbə günü ABŞ və İran Trampın prezidentliyi dövründə, o cümlədən onun prezidentliyinin 2017-2021-ci illərdəki müddəti də daxil olmaqla, ilk dəfə Omanda danışıqlar aparıb. Və hər iki ölkə danışıqları “müsbət” və “konstruktiv” adlandırıb. İkinci turun şənbə gününə keçirilməsi nəzərdə tutulub. İran yenə də danışıqların Omanda aparılmasının tərəfdarı olduğunu bildirib, lakin Qərb mənbələri danışıqların Romada keçiriləcəyini bildirir.
Surxay Əliyev