İran ABŞ-a cavab verdi: Zənginləşdirdik, zənginləşdiririk və zənginləşdirəcəyik”

“Qərbin məsələ ilə bağlı narahatlığına baxmayaraq, Tehranın uranın zənginləşdirilməsi üzrə fəaliyyəti ABŞ-la danışıqlarda müzakirə mövzusu deyil”. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda keçirdiyi mətbuat konfransında bildirib. "Amerikalılar konstruktiv mövqe tutsalar, mümkün sövdələşməyə dair danışıqlara başlaya bilərik. Zənginləşmə məsələsinə gəlincə bu real məsələdir və bəzi narahatlıqlara baxmayaraq, biz etimadın yaradılması üzərində işləməyə hazırıq. Lakin zənginləşdirmə prinsipinin özü müzakirə mövzusu deyil", - deyə iranlı nazir bildirib. Əraqçi həmçinin “Amerika rəsmilərinin ziddiyyətli mövqelərini”də qeyd edib.
Onun sözlərinə görə, “bu tərəddüdlər danışıqlar prosesinə xidmət etmir, əksinə onu çətinləşdirir”. O vurğulayıb ki, İran mediadakı bəyanatlarla deyil, danışıqlar zalındakı reallıqla hərəkət edəcək. Dünən Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff deyib ki, İranla istənilən nüvə sazişi onun uranın zənginləşdirilməsi və silah proqramının “dayandırılmasını və ləğvini” ehtiva etməlidir. Eyni zamanda o, daha əvvəl iddia etmişdi ki, ABŞ İranın nüvə proqramını tamamilə məhdudlaşdırmaq əvəzinə, uranın zənginləşdirilməsini “məhdudlaşdırmağa” çalışır. Bu cür qeyri-ardıcıl bəyanatlar fonunda “Axios” portalı ABŞ prezidentinin komandasındakı fikir ayrılıqları barədə məlumat yayıb. Donald Trampın müşavirləri göyərçinlər və şahinlər, yəni İranın nüvə probleminin diplomatik yolla həllinə inananlar və sazişin bağlanma şansına son dərəcə şübhə ilə yanaşanlar və Tehrana güclü təsirin tərəfdarı olanlar arasında bölünüb.
Aprelin 12-də Omanda İranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarının birinci mərhələsi keçirilib. Dolayı dialoq Vitkoff və Arakçi arasında aparılıb. İkinci hissənin bu şənbə, aprelin 19-da keçirilməsi planlaşdırılır. Görüşün Romada baş tutacağı gözlənilir.
Surxay Əliyev