Zelenski Vitkoffun açıqlamasını qətiyyətlə rədd etdi

“Dövlətimizin ərazisi haqqında ancaq Ukrayna xalqı danışa bilər”, - Bunu Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun Ukraynanın beş regionunun Rusiyaya güzəştə gedilməsinin danışıqlarda əsas yer tutması barədə açıqlamasını şərh edərkən bildirib. Odessada NATO-nun baş katibi Mark Rutte ilə mətbuat konfransı zamanı Zelenski bəyan edib ki,Kiyev üçün qırmızı xətlərin “müvəqqəti olaraq işğal olunmuş hər hansı ərazilərinin Ukrayna ərazisi kimi deyil, Rusiya ərazisi kimi tanınmasıdır”. Zelenski həmçinin Stiven Vitkoffu nəzərdə tutaraq əlavə edib ki, “müvafiq nümayəndələr” bu məsələni “öz səlahiyyətləri xaricində” bizsiz müzakirə edirlər. Bundan əvvəl ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff Fox News telekanalına demişdi ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada sülh istəyir, lakin “bu münaqişədə ən böyük problem” Kremlin tələb etdiyi beş Ukrayna ərazisinin Rusiyanın ərazisi kimi tanınması tələbidir. Söhbət Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən gedir. Aprelin 11-də ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq isə bəyan edib ki, Kiyev heç vaxt birtərəfli qaydada Xerson, Zaporojye, Luqansk və Donetsk kimi dörd bölgəni tam mülkiyyət kimi Rusiyaya verməyə razı olmayacaq.
Surxay Əliyev