MKİ veteranı Tehranın planlarını ifşa etdi

ABŞ kəşfiyyatının keçmiş yüksək rütbəli rəsmisi Norman Roul İran İnternational-a bildirib ki, Birləşmiş Ştatlar İslam Respublikası ilə danışıqlarda nəhəng bir rəqiblə üzləşib. O, əmin olduğunu bildirib ki, Tehranın məqsədi nüvə proqramını həyata keçirmək üçün vaxt qazanmaqdır. Norman Roul 30 ildən çox ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində çalışıb və MKİ-nin İran masasının rəhbəri olub. Keçmiş kəşfiyyatcı qeyd edib ki, təcrübəli iranlı danışıqçılar uranı bomba hazırlamaq üçün lazım olan səviyyəyə qədər zənginləşdirmək məqsədiylə danışıqları bilərəkdən uzada bilərlər:-sitat- "Danışıqların uzandığı hər gün İran astanaya yaxınlaşır. Amma Tehran nüvə bombası yaratmaqdansa, nüvə bombası yaratmağın astanasında qalmağın daha sərfəli olduğuna əmin olsa, bu oyunu davam etdirəcək", - sitatın sonu.
Norman Roulun sözlərinə görə, Tehran nüvə inkişafını davam etdirərkən hərbi təhdidləri aradan qaldırmaq və sanksiyaları yumşaltmaq üçün "danışıqlar naminə danışıqlar aparmaqda" və özlərinin dediyi kimi, "uzun sürən diplomatiyadan istifadə etmək"də bacarıqlı olduqlarını sübut ediblər. Roul xatırladıb ki, İran tarixən danışıqlardan rıçaq kimi istifadə edib və danışıqlara yalnız hərbi qarşıdurma təhlükəsi pik həddə çatanda daxil olub. "2003, 2012 və 2015-ci illərdəki əvvəlki danışıqlar ABŞ-ın hərbi mövcudluğunun eskalasiyası və ya regional sarsıntılarla üst-üstə düşdü. Amma bu dəfə durum fərqlidir", - deyə MKİ veteranı bildirib.
Norman Roul onu da qeyd edib ki, "2015-ci il sazişi İranın nüvə proqramına müvəqqəti və geri qaytarıla bilən məhdudiyyətlər qoyub, eyni zamanda Tehranı daimi sanksiyalardan azad edib. Nəticədə İran bu iqtisadi yardımlardan regionda terrorizmi və özünə bağlı piroksi qüvvələri maliyyələşdirmək üçün istifadə edib"
Surxay Əliyev