Keçmiş yəhudi səfir:- “İsrailin Suriyaya girməsi təhlükəli nəticələrə gətirib çıxaracaq”

İsrail ehtiyat edir ki, Qətər qazının Suriya və Türkiyə üzərindən Avropaya nəqli layihəsi onu geosiyasi təsirdən məhrum edəcək və Ankaranın bölgədəki mövqeyini gücləndirəcək. O, Fars körfəzindən neft və təbii qazın Suriya və Türkiyə üzərindən Avropaya nəqli layihəsinin mümkün reallaşmasından narahatdır. Bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb. Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl Təl-Əviv Hayfa limanından keçən karbohidrogen tədarük marşrutunu perspektivli hesab edirdi. Lakin nəşrin müəlliflərinin fikrincə, Suriyadakı hadisələr bu planları məhv edib. Suriyada hərbi münaqişənin başa çatması və Ankara ilə Dəməşq arasında münasibətlərin bərpası ilə qaz kəməri layihəsi növbəti dəfə diqqət mərkəzinə düşüb. Məqalədə Türkiyənin Suriyada prioritet strateji nüfuzunu İsrailə verməyəcəyi vurğulanır. Nəşr Qətərdən Suriyaya keçməklə Türkiyəyə qaz kəmərinin çəkilməsi və sonradan Avropaya ixracı planlarına da xüsusi diqqət yetirir. 2009-cu ildə dondurulmuş layihə yenidən bir sıra enerji aktorları tərəfindən müzakirə olunur. Məqalədə fikirlərinə yer verilən İsrailin Türkiyədəki keçmiş səfiri Amira Oron Suriyada sabitliyin təmin olunmasında Türkiyənin əsas rol oynadığını bildirib. O qeyd edib ki, İsrail Türkiyəylə qarşıdurmaya getməkdənsə,diplomatik kanallar vasitəsilə Ankara ilə əlaqə qurmalıdır. Məqalədə, həmçinin mütəmadi hava hücumlarına, quruda təsir dairəsini genişləndirmək cəhdlərinə və yerli azlıqlarla təmaslarına baxmayaraq, İsrailin Suriya ilə bağlı dəqiq siyasət aparmaması da tənqid edilir. Müəlliflər xəbərdarlıq edirlər ki, İsrailin Suriyanın daxili işlərinə qarışması təhlükəli nəticələrə səbəb ola bilər. Risklər arasında Suriya administrasiyası ilə münasibətlərdə gərginliyin artması, dinlərarası münaqişələrdə iştirak və Türkiyə ordusu ilə yeni cəbhənin açılması ehtimalı var. Nəşrin fikrincə, Qəzza zolağı və Livanda davam edən hərbi əməliyyatlar fonunda münaqişənin yeni istiqamətinin açılması İsrailə onun hazır olmadığı təhlükə yaradacaq.
Surxay Əliyev