Husilərlə ABŞ yox,Yəmən silahlı qüvvələri döyüşəcək

Birləşmiş Ştatlar Yəmən hökumət qüvvələrinin husilərə qarşı hücumuna havadan dəstək verəcək.Lakin ərəb ölkəsindəki vətəndaş müharibəsində döyüşmək üçün quru qüvvələri göndərməyəcək. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Amerika qəzeti qeyd edir ki, hücum tezliklə başlamalıdır, çünki hökumət qüvvələri Amerikanın zərbələri nəticəsində husilərin döyüş potensialının əhəmiyyətli hissəsinin itirilməsindən istifadə etmək istəyir. Bir aydan az müddət ərzində ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Ənsar Allah bazalarına 350 raket və bomba zərbəsi endirib.Nəticədə digər silah-sürsatla yanaşı, iranlıların təchiz etdiyi silahların saxlandığı bəzi anbarlar da məhv edilib. “The Wall Street Journal” yazır ki, BƏƏ-nin dəstəklədiyi Yəmənin qanuni hökumət qüvvələrinin hücumunun ilk mərhələsi ölkənin qərbində yerləşən Hodeyda əyalətində baş verəcək. Husilərə qarşı əməliyyatda 80 min əsgərin iştirak edəcəyi planlaşdırılır. İrəliləyən qüvvələrin əsas məqsədi Hodeyda limanını ələ keçirmək olacaq. Ekspertlər qeyd edirlər ki, Hudeydə şəhərinin azad edilməsi 2014-cü ildən husilərin nəzarətində olan paytaxt Sənanın azad edilməsinə zəmin yaradacaq.Husilər Yəmən ərazisinin təxminən 40%-nə nəzarət etsə də, Yəmən əhalisinin ən azı 70%-i bu ərazilərdə yaşayır.
Qeyd edək ki, husilərin hədəflərinin kütləvi şəkildə bombalanmasına baxmayaraq, onlar İsrailə ballistik raketlər atmaqda davam edir.
Surxay Əliyev