Ukraynada müharibəyə görə,Tramp Putini, Baydeni və Zelenskini günahlandırdı

Vladimir Zelenski və Donald Tramp növbəti dəfə debat keçirdilər, ancaq bu dəfə qiyabi olaraq...
Bu qiyabi debatı ABŞ prezidenti salvadorlu həmkarı Nayib Bukele ilə görüşü zamanı başladı. Tədbirdə iştirak edən jurnalistlərdən biri Trampdan Rusiyanın dünən Ukraynanın Sum şəhərinə endirdiyi raket zərbəsini “səhv” adlandırarkən nə demək istədiyini soruşdu. Sualı cavablandıran ABŞ lideri qeyd etdi ki, “ümumiyyətlə müharibənin başlamasına icazə vermək səhv idi”. "Bayden bunu dayandıra bilərdi. Zelenski də bunu dayandıra bilərdi. Putin isə buna heç vaxt başlamamalı idi", - deyə Tramp qəti şəkildə bildirib. Və əlavə edib ki, davam edən qanda adıçəkilən bu üç siyasətçi günahkardır. "Milyonlarla ölüm – bu üç nəfərə görə baş verdi" – deyə Donald Trump vurğuladı. Mətbuata açıqlamasında Ukraynada atəşkəs məsələsində Rusiyaya “psixoloji müddət” təyin etdiyini də bildirən Tramp Kremli hədələməyi də unutmayıb: “Əgər onların ayaqlarını sürüklədiklərini düşünsəm, məmnun olmayacağam”. Tramp həmçinin yaxın gələcəkdə Ukraynada atəşkəslə bağlı danışıqlardan "yaxşı təkliflər" alacağına ümid etdiyini də bildirib.
ABŞ prezidentinin ukraynalı həmkarından qiyabi cavabı gecikməyib.Zelenski Trampı inandırmağa çalışıb ki, qan tökülməsinin davam etməsində günahkar Rusiyadır:- "Otuz dörd gün əvvəl Ukrayna ABŞ-ın tam və qeyd-şərtsiz atəşkəs təklifinə müsbət cavab verdi. Artıq otuz dörd gündür ki, Rusiya açıq şəkildə eyni cür cavab verməkdən imtina edir", - deyə Vladimir Zelenski vurğulayıb. Və əlavə edib ki, “Rusiyanın dövlət təbliğatçıları öz auditoriyasını diplomatiyanın heç bir nəticə verməyəcəyi fikrinə hazırlayırlar”. Zelenskiyə görə, bunun yalnız bir səbəbi var: “Moskva törətdiklərinin nəticələrindən qorxmur və nə qədər ki,Rusiyaya kifayət qədər təzyiq göstərilməyib, onlar müharibə cinayətlərini davam etdirəcəklər", - deyə Ukrayna prezidenti əminliyini bildirib. "Biz hamımız istəyirik ki, buna son qoyulsun. Sülh olmalıdır - və o, davamlı olmalıdır.
Ona görə də Ukrayna həmişə tərəfdaşları ilə konstruktiv işləyir və bunu təhlükəsizlik və sülhü bərpa edə biləcək bütün formatlarda edir", - deyə Vladimir Zelenski Trampı əmin edib. "Biz sürətli sülhə hazırıq və Ukrayna ümumiyyətlə bu müharibəni heç vaxt, bir saniyə olsun belə istəməyib. Ancaq müharibə bitəndə dünya açıq şəkildə başa düşəcək ki, bu, ona görə baş verdi ki, işğalçı Rusiya sülhə məcbur edildi ".
Surxay Əliyev