Qəzzanı “düzləyən” İsrail Ordusu HƏMAS-ı məğlub edə bilmir

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Benyamin Netanyahu hökumətini silahlı qüvvələrdə əsgər çatışmazlığı ilə bağlı məlumatlandırıb. Bu barədə “Yedioth Ahronoth” qəzeti yazır. Nəşrin məlumatına görə, Zamir xəbərdarlıq edib ki, şəxsi heyət çatışmazlığı İsrail ordusunun Qəzza zolağında ona tapşırılan vəzifələri yerinə yetirmək imkanlarını məhdudlaşdıra bilər. Kadr problemlərinə baxmayaraq, Zamir HƏMAS-a qarşı quru əməliyyatlarının genişləndirilməsi ideyasını dəstəkləyib. İsraildəki anonim mənbə nəşrə bildirib ki, Baş Qərargah rəisi vəziyyətlə bağlı açıq danışır və rəhbərliyi “fantaziyalardan” əl çəkib baş verənlərə real baxmağa çağırır. Qəzet həmçinin qeyd edir ki, 7 oktyabr 2023-cü ildən davam edən hücumlara baxmayaraq, HƏMAS hərəkatı Qəzza zolağının əksər hissəsinə nəzarəti əlində saxlayır. İsrail martın 18-də atəşkəs və əsir mübadiləsi ilə bağlı əvvəlki razılaşmanı pozaraq Qəzza zolağına hücumları bərpa edib. İsrail yeni atəşkəs təkliflərini rədd edib və artan güclə HƏMAS-a qarşı hərbi əməliyyatları davam etdirmək niyyətində olduğunu bildirib. HƏMAS isə buna cavab olaraq İsraili vədlərini pozmaqda və “müvəkkillərin nəzarəti altında Fələstin xalqına qarşı soyqırımı davam etdirməkdə” ittiham edib. Müşahidəçilər yeni hücum dalğasının İsrail daxilində siyasi böhrana səbəb olacağını qeyd etməklə yanaşı, yaranmış vəziyyətin Şin Bet rəhbərinin istefası ilə üst-üstə düşdüyünə diqqət çəkirlər.
Surxay Əliyev