“İsrailin etirazlarına baxmayaraq, ərəblər öz nüvə proqramına sahib olacaqlar”

ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, Vaşinqton Ər-Riyada radioaktiv materialdan öz mülki nüvə proqramı üçün istifadə etmək üçün Səudiyyə ərazisində uranı zənginləşdirməyə icazə vermək niyyətindədir. Səudiyyə Ərəbistanına səfəri zamanı bu barədə açıqlama verən Rayt krallığın “milli kommersiya nüvə enerjisi sənayesi yaratmaq üçün” Amerika texnologiyasından istifadə edəcəyini qeyd edib. Nazir qeyd edib ki, hər iki ölkə artıq müvafiq saziş üzərində işləyir. İsrail isə nüvə texnologiyasının təkcə İrana deyil, istənilən ərəb ölkəsinə ötürülməsinin qəti əleyhinədir. Müxalifət lideri Yair Lapid deyib ki, əgər həqiqətən Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalanarsa, o zaman Səudiyyə ərazisində uranın zənginləşdirilməsinə qadağa qoyulmalıdır. Səudiyyə rəhbərliyi son illər ölkə iqtisadiyyatının neft və qaz hasilatından asılılığını azaltmaq üçün nüvə enerjisini inkişaf etdirmək niyyətini bəyan edib. Səudiyyəlilər krallığın nüvə silahı istehsal etməyəcəyinə dair təminat verməkdən imtina etdiyi üçün Bayden administrasiyası ilə bu barədə danışıqlar nəticəsiz qalmışdı.
Səudiyyənin faktiki hökmdarı vəliəhd şahzadə Məhəmməd bin Salman bir neçə dəfə bəyan edib ki, İran bunu edərsə, Ər-Riyad da öz nüvə bombasını yaradacaq.
Surxay Əliyev