Yunanıstan Baş Qərargah rəisindən Türkiyəyə həyasız mesaj: “Biz hər an hazırıq”

Baş Qərargah rəisi Houpis Türkiyənin Yunanıstan üçün təhlükə yaratdığını iddia edərək, hər hansı təhlükəyə qarşı dəqiqələr ərzində tədbir görə biləcəklərini bildirib. 9-12 aprel 2025-ci il tarixlərində Delfidə keçirilən 10-cu Delfi İqtisadi Forumunda Yunanıstan Milli Müdafiə Baş Qərargahının rəisi Dimitrios Houpis çıxışında Yunanıstan Silahlı Qüvvələrinin hər an müdaxiləyə hazır olduğunu vurğulayıb. “Türkiyənin ölkəsi üçün təhlükə yaratdığını” deyən Houpis Ankaranın revizionist taktika ilə hər gün yeni müzakirələr yaratmağa çalışdığını bildirib. Bununla belə, o, Yunanıstan üçün yeganə problemin kontinental şelf və Eksklüziv İqtisadi Zona olduğunu bildirib. Alpha TV-nin jurnalisti Kostas Sarıkasın moderatorluğu ilə keçirilən paneldə danışan Houpis, Türkiyədən gələn açıqlamaların “böyük dərəcədə tolerant olduğunu, lakin Yunanıstanın heç vaxt bu müzakirələrə qatılmayacağını” vurğuladı. Türk tərəfinin açıqlamalarının böyük ölçüdə psixoloji olduğunu dilə gətirən Houpis, "Yunan xalqı öz təhlükəsizliyi üçün zərrə qədər narahatlığı olmamalıdır" deyə əmin edib.Daha sonra "Lazım olduqda, istənilən vəziyyətdə beş dəqiqə ərzində cavab verməyə qərarlıyıq" deyə Houpis təkəbbürlü tərzdə bildirib . “Aralıq dənizi geosiyasi mərkəzdir” deyən Houpis, geosiyasi qeyri-sabitlik məsələsinə toxunarkən, Aralıq dənizinin bütün geosiyasi gərginliklərin mərkəzi olduğunu və Yunanıstanın bu bölgədəki maraqlarını qorumaqda qərarlı olduğunu bildirib. Yunan general bəyan edib ki, hibrid təhdidlərin qarşısını almağın yeganə yolu hərbi gücdür. Houpis, maliyyə böhranı zamanı meydana gələn əməliyyat planlaşdırma nöqsanlarının böyük ölçüdə aradan qaldırıldığını və planlaşdırmanın indi daha çox yüksək səviyyədə olduğunu bildirdi. Son döyüşlərdən çıxarılan dərslərin güc strukturunda dəyişikliklər edilməsini təmin etdiyini ifadə edən Houpis, bu dəyişikliklərin yeni silahlanma proqramına inteqrasiya edildiyini açıqlayıb. İlk dəfə 12 illik plan hazırlandığını vurğulayan Houpis, hazırda pilotsuz uçuş aparatları kimi texnoloji inkişafın həlledici rol oynadığını, lakin anti-texnologiyanın da sürətlə irəlilədiyini sözlərinə əlavə edib.
Surxay Əliyev