İran nüvə razılaşmasına qayıtmaq üçün şərtlərini açıqladı...

2015-ci ildə uranın zənginləşdirilməsi səviyyəsinə qayıtmağın müqabilində Tehran Vaşinqtondan sanksiyaların yumşaldılmasını və dondurulmuş aktivlərə çıxışı tələb edir. İran isə bunun müqabilində ABŞ-ın müəyyən şərtləri nəzərə alınmaqla, 2015-ci il nüvə sazişində nəzərdə tutulan uranın zənginləşdirilməsi səviyyəsinə qayıtmağa hazır olacaq. Bu barədə şənbə, aprelin 12-də “The Wall Street Journal” İran və Avropa rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin bildirdiyinə görə, Tehranın irəli sürdüyü şərtlər arasında İranın nüvə sektoru ilə bağlı ABŞ sanksiyalarının yumşaldılması, İranın xaricdə dondurulmuş milyardlarla dollarlıq aktivlərinə çıxış və Vaşinqtonun İran neftinin çinli alıcılarına təzyiqinə son qoyulması daxildir. Qəzet qeyd edir ki, İranın belə bir yanaşmasının ABŞ prezidenti Donald Tramp administrasiyası üçün məqbul olub-olmayacağı bəlli deyil.
Surxay Əliyev