ABŞ və Iran Omanda razılığa gəldi...

İran və ABŞ Omanda iki saatdan çox davam edən dolayı danışıqlardan sonra tərəflər gələn həftə nüvə müzakirələrini davam etdirmək barədə razılığa gəliblər. İran Xarici İşlər Nazirliyi şənbə günü bildirib ki, danışıqları gələn həftə davam etdirmək barədə razılığa gəliblər. Maskatda keçirilən görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff da Omanın iştirakı ilə təşkil edilən bir sıra dolayı danışıqlardan sonra qısa üzbəüz görüş keçiriblər. Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, ABŞ və İran rəsmiləri arasında danışıqlar “dostluq şəraitində” keçib və bu “ədalətli və məcburi razılaşma axtarışının” başlanğıcı olub. Nazirin X-də dərc olunan bəyanatında deyilir: “Mən bu gün Maskatda İranın xarici işlər naziri Seyid Abbas Araqçini və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffu qəbul etdiyimizi və ədalətli razılaşmanın əldə edilməsi üçün ortaq məqsədlə dialoq və danışıqlar prosesinin başlanmasına vasitəçilik etdiyimizi elan etməkdən qürur duyuram. O, Omanın danışıqların asanlaşdırılması və razılaşmaların əldə edilməsi üçün səylərini davam etdirəcəyini bir daha vurğulayıb. Əraqçi isə İran dövlət televiziyasına deyib ki, tərəflər “gələcək danışıqlar üçün əsasları müəyyən etməyə çox yaxındırlar”. “Əgər növbəti görüşdə nəhayət, bu əsasda razılaşa bilsək, o zaman biz artıq böyük irəliləyiş əldə etmiş olarıq”, - deyə İranın xarici işlər naziri bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi tərəflərin ayrı-ayrı otaqlarda olduğunu və mövqelərinin Omanlı vasitəçi vasitəsilə bir-birinə çatdırıldığını bildirib. İran daha əvvəl ABŞ-la birbaşa əlaqə saxlamaqdan imtina etmişdi, lakin tərəflər arasında məktub mübadiləsindən sonra dolayı danışıqlara razılıq vermişdi.
Surxay Əliyev