Tramp yenə İranı hədələdi: “Cəhənnəm olacaq”

ABŞ prezidenti Tehrana yenidən sərt “hamletsayağı” ultimatum verdi: ya nüvə razılaşması, ya da “cəhənnəm”.
ABŞ prezidenti Donald Tramp şənbə günü ABŞ və İran nümayəndə heyətləri arasında keçiriləcək danışıqlardan əvvəl Tehrana sərt mesaj göndərib: “İran nüvə proqramından əl çəkməsə, bunun nəticələri son dərəcə ciddi olacaq”. Bu barədə cümə günü Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlərə açıqlamasında bildirib:- "Prezident İrana açıq şəkildə bildirdi - və onun milli təhlükəsizlik komandası eyni mesajı çatdıracaq - bütün variantlar masada qalacaq. İranın iki seçimi var: ya prezident Trampın şərtləri ilə razılaşır, ya da razılaşmamanın bədəlini ödəyir”. "Əgər onlar razılaşmasalar, cəhənnəm olacaq" deyə Levitt bildirib. Onun sözlərinə görə, Trampın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Eyni zamanda, o vurğulayıb ki, prezident diplomatiyaya inanır, lakin danışıqlar nəticə verməsə, sərt davranmağa da hazırdır. ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffun şənbə günü Omanda İran nümayəndə heyəti ilə görüşü gözlənilir. İran tərəfini Omanın xarici işlər naziri Bədr əl-Busəidinin vasitəçiliyi ilə xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək. Fevral ayında Tramp İran neftinin ixracını sıfıra endirmək səyləri də daxil olmaqla, İrana “maksimum təzyiqi” bərpa etdi. Bu həftənin əvvəlində isə o demişdi: "Əgər danışıqlar uğursuz olarsa, İran böyük təhlükə ilə üzləşəcək".
Surxay Əliyev