Kelloq “Times”-i onun sözlərini təhrif etməkdə ittiham etdi

Adı çəkilən nəşrin dərc etdiyi məqalədə bildirilirdi ki, Kelloq Ukraynanı nəzarət zonalarına bölməkdən danışıb. Lakin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, “The Times”-in jurnalistləri onun Ukraynanın “bölünməsi” ilə bağlı sözlərini təhrif ediblər. O, sosial şəbəkədə yazıb: "Taymsın məqaləsi dediklərimi təhrif edir. Mən atəşkəsdən sonra Ukraynanın suverenliyini dəstəkləmək üçün "təminat qüvvəsi"ndən danışdım. Bölünmə ilə bağlı müzakirələrdə müttəfiq qüvvələrin (ABŞ qoşunları istisna olmaqla) cavabdehlik sahələrini nəzərdə tuturdum. Mən Ukraynanın parçalanmasını nəzərdə tutmamışam". Qeyd edək ki, “təminat qüvvəsi” nəzəri cəhətdən Rusiyanı atəşkəsi pozmaqdan çəkindirməli olan Britaniya, Fransa və onların müttəfiqlərinin kontingentini nəzərdə tutur. Ukraynanın "bölünməsi" ilə bağlı “The Times” məqaləni - Kelloqun sözlərinə istinadən yazıb ki, sülh sazişi çərçivəsində Ukrayna 1945-ci ildə Berlində olduğu kimi nəzarət zonalarına bölünə bilər. Məqalədə qeyd olunurdu ki, “Bu, demək olar ki, İkinci Dünya Müharibəsindən sonra Berlinə bənzəyirdi, o zaman da Berlində Rusiya, Fransa, Britaniya, Amerika zonası var idi”.
Surxay Əliyev