İsrail ordusunun Qəzzada böyük işğal planları var

“Valla” xəbər verir ki, son günlər İsrail Ordusu {İDF} Qəzza zolağında həm anklavın şimalında, həm də cənubunda nəzarəti əhəmiyyətli dərəcədə genişləndirib. Hərbi hesablamalara görə, artan hərbi nəzarət və Qəzza əhalisinin tədricən köçürülməsi HƏMAS rəhbərliyinə ciddi təzyiq göstərəcək. İDF qüvvələri son 48 saat ərzində Qəzza zolağında əhəmiyyətli irəliləyişlər əldə edib. Quru bölmələri, Hərbi Hava Qüvvələri artilleriyanın dəstəyi ilə fəaliyyət göstərir və hərbi kəşfiyyat - Şin Betin məlumatları əsasında idarə olunur. Hücumun əsas hissəsi sektorun cənubundakı Rafah və Moraq ərazilərində, eləcə də şimalda Netzarim, Beyt Lahia və Beyt Hanun bölgələrində aparılır. Yüksək səviyyəli təhlükəsizlik mənbəsinin bildirdiyinə görə, ordu tunellərdə gizlənən Həmas rəhbərliyinə təzyiq göstərmək cəhdi ilə artıq Qəzza zolağının 30%-nə nəzarəti ələ keçirməyə yaxındır. İsrail təhlükəsizlik rəsmiləri hesab edir ki, anklav əhalisinin təhlükəsiz zonalara və sığınacaqlara köçürülməsi yerli sakinlər arasında narazılıq, iğtişaş, məyusluq yaradacaq ki,bu da anti-Həmas əhval-ruhiyyəsinə səbəb olacaq.Yaranmış bu vəziyyət terrorçu HƏMAS liderlərini girovların azad edilməsi və atəşkəslə bağlı danışıqlarda daha mülayim olmağa vadar edəcək. Əgər tezliklə girovlarla bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, İsrail ordusu Rəfah da daxil olmaqla Qəzzanın 50%-ni nəzarətə götürəcək və əhalinin çoxunu yeni humanitar zonalara və sığınacaqlara təxliyyə etməli olacaq.Bu barədə yüksək səviyyəli İsrail təhlükəsizlik mənbəsi bildirib. Sektora irəliləyişlə paralel olaraq ayrı-ayrı bölmələr Həmas yaraqlıları və səhra komandirlərinin axtarışlarını həyata keçirir. Yüksək rütbəli hərbi mənbənin bildirdiyinə görə, kütləvi hərbi təzyiq nəticəsində HƏMAS briqadaları tez bir zamanda dağıdılıb. Onun sözlərinə görə, terrorçular əvvəlki kimi böyük qruplarla deyil, kiçik qruplarla, çox vaxt sığınacaqlardan və uzaqdan hərəkət etməyə məcbur olurlar və birbaşa döyüşdən ehtiyat edirlər.
Məlumatda o da bildirilir ki, cümə günü, aprelin 11-də İDF-nin ərəbdilli mətbuat xidmətinin rəhbəri Aviçai Edrai Qəzza şəhərinin şərq rayonlarının sakinlərinə təcili xəbərdarlıq edib. Onlara başqa ərazilərə təxliyə edilmələri tövsiyə olunub. Elan Şucaiyyə, Əcdidə, Türküman, şərqi Zeytun, əl-Nur və əl-Tufah rayonlarının sakinlərinə ünvanlanıb.
Surxay Əliyev