ABŞ-ın Ukraynadakı səfiri Trampın siyasətinə görə istefa verdi

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink Tramp administrasiyasının siyasəti ilə razılaşmayaraq istefa verib. 2022-ci ildən ABŞ-ın Ukraynadakı səfirliyinə rəhbərlik edən Bricit Brink öz istəyi ilə istefa verib. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib. "O, üç il Ukraynada səfir olub - bu, müharibə zonasında uzun müddətdir", - deyə ABŞ Dövlət Departamenti bildirib. CBS News-un məlumatına görə, Brink Donald Trampın andiçmə mərasimindən dərhal sonra vəzifəsini tərk etməyi planlaşdırsa da, o zaman onun istefası qəbul edilməyib. “Financial Times” qəzetinin jurnalisti Kristofer Miller mənbələrinə istinadən yazıb ki, səfirin işindən ayrılmasına səbəb təkcə yorğunluq deyil, həm də yeni administrasiya ilə fikir ayrılıqları olub. Onun sözlərinə görə, Brink Donald Trampın Ukrayna ilə bağlı siyasətini bölüşmür. Üstəlik, ona təkcə Vaşinqton tərəfindən deyil, Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən də təzyiq edildiyi iddia edilir. Brink, tammiqyaslı müharibənin başlamasından iki ay sonra, 25 aprel 2022-ci ildə Co Bayden tərəfindən bu vəzifəyə təyin edilib.
Surxay Əliyev