Misir Qəzzayla bağlı "qırmızı xətt"ini açıqladı

Misirin xarici işlər naziri Bedr Abdulati Qahirənin Fələstin xalqının məcburi köçkünlüyünə qəti şəkildə qarşı olduğunu bir daha bəyan edib. Qahirədə Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Szijjarto ilə birgə mətbuat konfransında danışan Abdulati Misirin "heç bir halda" fələstinlilərin köçməsinə icazə verməyəcəyini bildirib. Onun sözlərinə görə, fələstinlilərin zorakılıq və hətta könüllü surətdə qovulması cəhdi həm Misir, həm də İordaniya üçün “qırmızı xətt”dir. Nazir həmçinin xatırladıb ki, Misir İsrailin Qəzzaya hücumlarını dayandırmaq və atəşkəs rejimini bərpa etmək üçün səy göstərir.
O vurğulayıb ki, Fələstin məsələsinin ədalətli həlli olmadan İsrailin və bütün Yaxın Şərqin təhlükəsizliyi mümkün deyil. Onun sözlərinə görə, regionda sabitliyə yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövləti yaradıldıqdan sonra nail olmaq olar. 2023-cü il oktyabrın 7-dən bəri 2,3 milyon əhalisi olan Qəzza zolağında təxminən 2 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. İsrail ordusunun mülki infrastruktura və xəstəxanalara endirdiyi zərbələr humanitar fəlakətə səbəb olub. Su və elektrik enerjisinin verilməsində fasilələr və sərhəd keçidlərinin bağlanması vəziyyəti daha da pisləşdirib. Yanvarın 19-da qüvvəyə minən atəşkəs martın 18-i səhər saatlarından pozulub.İsrail ordusu yenidən kütləvi hücumlara başlayıb. Döyüşlərin yeni raundundan bəri əksəriyyəti qadınlar, qocalar və uşaqlar olmaqla 1482 fələstinli öldürülüb. 3688 nəfər yaralanıb. İsrailin hücumları başlayandan bəri Qəzzada ölənlərin ümumi sayı 50 846-ya,yaralananaların sayı 115 729-a çatıb
Surxay Əliyev