Rusiyanın gizli Kursk əməliyyatının təfərrüatları ortaya çıxdı - 800 əsgər 15 km-lik borunun içərisi ilə iki gün sürünüb...

Rusiyanın Ukraynanın ələ keçirdiyi Kursk bölgəsini geri almaq üçün həyata keçirdiyi gizli əməliyyatın təfərrüatları ortaya çıxıb. Bu əməliyyat qeyri-adiliyi ilə həm də tarixə düşüb.
Rusiya xüsusi təyinatlılarının 800-ə yaxın əsgəri ukraynalıların mövqelərinə sızmaq üçün 15 kilometrlik təbii qaz boru kəmərinin içərisi ilə iki gün sürünüblər.
Rusiya tərəfindən “Potok əməliyyatı” adlandırılan bu plan böyük bir qəfil hücum şəklində həyata keçirilib. Ukrayna əsgərləri bu gizli hücuma qarşı heç bir tədbir görə bilməyiblər, onlar üçün Rusiya qüvvələrinin boru kəmərindən çıxması tamamilə gözlənilməz olub.
“Teleqraf” qəzetinin məlumatına görə, rus əsgərləri Suca şəhərinə sızmaq üçün iki gün qaz kəməri boyunca sürünüblər. İki gün sonra yüzlərlə rus əsgəri boru kəmərindən çıxıb və Sucanın şimalındakı Ukrayna mövqelərinə hücuma keçib və onları geri çəkilməyə məcbur ediblər. Rus əsgərlərinin "çirkli və yorğun" şəkildə "cinlər kimi" ortaya çıxıb hücuma başlaması ukraynalı əsgərləri şoka salıb.
TAHİR