Minə yaxın hərbçi girovlara görə Netanyahunu ittiham etdi

İsrail Hərbi Hava Qüvvələrinin ehtiyatda olan minə yaxın əsgəri cümə axşamı, aprelin 10-da ödənişli reklam şəklində açıq məktub dərc edib. Onlar hökuməti və baş nazir Benyamin Netanyahunu, hətta Qəzza zolağında müharibəni bitirmək bahasına olsa belə, bütün girovları geri qaytarmağa çağırıblar. "Biz hərbi əməliyyatların dərhal dayandırılması bahasına olsa belə, girovların evlərinə qaytarılmasını tələb edirik", - deyə müraciət müəllifləri qeyd edirlər.Müraciətdə deyilir:- "Hazırda müharibə təhlükəsizlik maraqlarına deyil, əsasən siyasi və şəxsi maraqlara xidmət edir. Davamlı olaraq keçirilən hərbi əməliyyatlar qeyd olunan məqsədlərin heç birinə nail olmağa kömək etmir, əksinə girovların – İsrail müdafiə qüvvələri əsgərlərinin və günahsız mülki şəxslərin ölümü üçün təhlükə yaradır, həmçinin ehtiyatda olan hərbçilərin üzərinə tamamilə lazımsız yük qoyulmasına gətirib çıxarır". Məktub müəllifləri bildirir ki, “təcrübə göstərir ki, yalnız razılaşma yoluyla girovların təhlükəsiz qayıtması təmin edilə bilər, hərbi təzyiq isə əsasən girovların ölümünə səbəb olur və hərbi qulluqçuların həyatını təhlükə altına alır”. "Biz bütün İsrail vətəndaşlarını hər yerdə və hər vasitə ilə səfərbər olmağa və tələb etməyə çağırırıq: dərhal döyüşləri dayandırın və bütün girovları geri qaytarın - Əsirlikdə olan hər yeni gün onların həyatını riskə atır. Hər əlavə qərarsızlıq anı isə biabırçılıqdır". Məktubun təşəbbüskarlarından biri döyüş pilotu belə izahat verib: "Məktubumuzda xidmətdən imtina etmək və ya sizin döyüş hissələrinə hesabat verməməkdən söhbət getmir. Müraciətimiz ümumiyyətlə orduya ünvanlanmayıb. Bu, hökumətə müraciətdir".
Məlum olduğu kimi, ordu komandanlığı bu məktubun nəşrinin planlaşdırıldığından xəbərdar olub və onun yayımlanmasının qarşısını almağa çalışıb. Bir gün əvvəl Baş Qərargah rəisi general-leytenant Eyal Zamir gözlənilmədən Hərbi Hava Qüvvələri komandanı general-mayor Tomer Barla narazı ehtiyatda olan pilotların görüşünə gələrək onları “keçmişin səhvlərini təkrarlamamağa” çağırıb. Zamirin sözlərinə görə, bunlar “hava qüvvələrini siyasi oyunlara çəkmək cəhdləridir”. Onların məktubu isə ehtiyatda olan təlim-məşq toplanışlarına təxribat çağırışı kimi də şərh oluna bilər. Ehtiyatda olan pilot isə bununla razılaşmır: “Məşhur inancın əksinə olaraq, məktubda xidmətdən imtina barədə heç nə deyilmir. “Bu, sadəcə olaraq hökumətə açıq mesajı ehtiva edir: bütün girovlar, hətta döyüşlərin dayandırılması bahasına olsa belə, geri qaytarılmalıdır”.
Surxay Əliyev