Tramp İrana qarşı yenə “qan-qan” deyir

ABŞ və İran rəsmiləri arasında nüvə sazişinə qayıtmaq üçün planlaşdırılan görüşdən öncə ABŞ prezidenti Donald Tramp Tehranın onun ultimatumunu qəbul etmədiyi təqdirdə hərbi əməliyyatlara başlayacağını bir daha təkrarlayıb. Associated Press xəbər verir ki, bu barədə Tramp çərşənbə günü, aprelin 9-da jurnalistlərlə söhbətində deyib ki, o, İranın çiçəklənməsini və “böyük olmasını” istəyir, lakin onun nüvə silahına sahib olmasına icazə verməyəcək. ABŞ prezidenti bəyan edib ki, guya Tehran bunu başa düşür. O, həmçinin lazım gələrsə, hərbi gücdən istifadə edəcəyinə dair sözünü təkrarlayıb və İsrailin potensial hücumda iştirak edəcəyini bildirib. "Əgər bunu hərbi yolla etmək lazımdırsa, biz bunu hərbi yolla edəcəyik. İsrailin bu işdə çox fəal olacağı dəqiqdir. Onlar bunun liderləri olacaq. Amma heç kim bizə rəhbərlik etmir. Biz istədiyimizi edirik", - deyə Tramp qürrələnib. İran Trampın təkrar təhdidlərinə cavab olaraq ABŞ-a “sərt cavab” vəd edib və Vaşinqtonu eskalasiyadan geri çəkilməyə çağırıb. İranın xarici işlər naziri Abbas Əraqçi “Washington Post” qəzetinin köşə yazısında yazıb: “Biz prezident Trampın Yaxın Şərqdə fəlakətli müharibədə batan ABŞ prezidenti olmasını istəmirik”.
Surxay Əliyev