Makron iyun ayında Fələstin dövlətini tanıyacaq

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris iyun ayında Fələstin dövlətini rəsmən tanıya bilər. Onun sözlərinə görə, müvafiq qərara Fransanın Səudiyyə Ərəbistanı ilə birgə keçirməyi planlaşdırdığı beynəlxalq konfrans çərçivəsində baxılacaq. Makron “France 5” televiziyasına müsahibəsində deyib ki,biz tanınmağa doğru getməliyik və bunu yaxın aylarda edəcəyik. Bir sıra ölkələr tərəfindən Fələstin dövlətinin kollektiv şəkildə tanınmasına nail olmaq üçün Səudiyyə Ərəbistanı ilə birlikdə iyun ayında Fələstin üzrə konfrans təşkil etmək istəyirik", - deyən Fransa prezidenti əlavə edib ki, Fələstini artıq dünyanın yüzdən çox ölkəsi tanıyıb, lakin Fransa hələ də onların arasında deyil.
Parisin Fələstini mümkün tanıması Avropa diplomatiyasında dönüş nöqtəsi olacaq və bu digər Aİ ölkələrini də oxşar addım atmağa sövq edə bilər. Fransa prezidenti Misirə səfərindən qısa müddət sonra Qəzza zolağına humanitar yardımın əsas koordinasiya nöqtəsi olan Əl Ariş şəhərinə baş çəkib. "Vəziyyət indi dözülməzdir və heç vaxt bu qədər çətin olmamışdı" deyən Makron Qəzzaya humanitar yardımın çatdırılmasının bərpasının Fransa üçün "mütləq prioritet" olduğunu vurğulayıb. “Biz İsrailin sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququndan heç vaxt imtina etməyəcəyik, eyni zamanda fələstinlilərin də öz dövlətlərini yaratmaq istəklərini dəstəkləyəcəyik”-deyə Makron yekunlaşdırıb.
Surxay Əliyev